Davamlı islahatlara misilsiz töhfə

Vahidov Qabil Adil oğlu
Səbail RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin müdiri,
YAP Səbail RİH ərazi təşkilatının sədri


Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil. Hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar.

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli lider Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

Ümummilli liderin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının sədri, Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik bu siyasi təşkilat bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir və dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

Partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, son 18 ildə partiyanın uğurlarının miqyası genişlənmiş və bu seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə etmişdir. 2003, 2008, 2013 və 2018-ci illərdəki Prezident seçkiləri bunun sübutudur. YAP bu uğurları və qələbələri bələdiyyə və parlament seçkilərində də təkrarlayıb.

Bu qələbələrin davamı kimi ötən il Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətləndiyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad etdi, Şuşaya bayrağını sancaraq öz Zəfər gününü təsis etdi.

Bütövlükdə, Yeni Azərbaycan Partiyası ötən 29 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinəmilsilsiz töhfələr verib.Bu illər ərzində şərəfli yol keçən, bütün çətinliklərdən, fırtınalardan uğurla çıxan Yeni Azərbaycan Partiyasının hər bir üzvü Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək azad edilmiş torpaqlarda yeni həyatın bərpasına öz töhfələrini verməyə səy göstərirlər.