Yeni idarəetmə sistemi modern çağırışlara cavab verir

Yeni idarəetmə sistemi modern çağırışlara cavab verir

ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans regionun bu günü və gələcəyi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımdan mühüm bir tədbir idi.
Konfransa həm yerli həm beynəlxalq marağın yüksək olması bir daha onu deməyə əsas verir ki, regionun aparıcı qüvvəsi olan Azərbaycan siyasi qərarların qəbulunda və həyata keçirilməsində önəmli yer tutur.
Beynəlxalq konfrasnda çıxış edən dövlət başçısı İlham Əliyevin toxunduğu məsələlər mövcud reallıqdan və gələcək planlardan xəbər verir. Dövlət başçısı istər post müharibə dövründə görülən işlərdən, istər sülh müqaviləsi, istərsə də mavi yanacağa artan tələbatın ödənilməsində Azərbaycanın görəcəyi işlər barəsində konseptual yanaşması ilə eyni zamanda bir sıra prioritetləri də açıqladı.
Cənab Prezident çıxışında Azərbaycanın yeni idarəçilik metodunun sınaqdan çıxarıldığını bəyan etməsi qarşıdakı dövr ərzində regional idarəçiliyin çağırışlarına cavab verən sistemin qurulmasının vacibliyindən xəbər verir. Məlumdur ki, mövcud idarəçilik sistemi uzun illərdən bəri formalaşıb. Həyata keçirilən islahatlar nəticəsində bu sahədə də kifayət qədər işlər görülüb. Və görülən işlərin nəticəsidir ki, bir zamanlar əlçatmaz məmurlar indı xalqın arasındadır. Xalqın problemini dinləyir, onların həlli istiqamətində səy göstərir. Prosesə nazirliklərin cəlb olunması, yerli icra hakimiyyəti başçılarının vətəndaşlarla keçirdiyi görüşlər ötən dövrlərlə müqaisədə vətəndaş məmur münasibətlərinin inkişafına gətirib çıxarıb. Artıq vətəndaşlar mövcud problemləri ilə bağlı aidiyyatı qurumlara çəkinmədən müraciət edir, bu müraciətləri aktiv şəkildə cavablandırılır və həll olunur. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, qurulan münasibətlər fonunda vətəndaşların sosial problemləri minimum səviyyəyə qədər enib. Bir zamanlar qaz, su, elektrin enerjisi, yol infrastrukturu ilə bağlı həllini gözləyən məsələlər artıq tarixin arxivinə qovuşur.
Qarşımızda dövrün tələblərinə uyğun olaraq yeni idarəetmə sisteminin tətbiqi dayanır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu sistemin həyata keçirilməsi Azərbaycanın daha da inkişafına zəmin yaradacaq. Eyni zamanda bu iradəetmə sistemi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə gətirib çıxaracaq. İşğaldan azad olunan ərazilərdə tətbiq olunan, aradan keçən müddət ərzində özünü doğruldan yeni idarəetmə sisteminin bir sıra özəlliyi var. Və bu sistem bir başa vətəndaşlara xidmətin yüksəldilməsinə hesablanıb. Yerli idarəetmə sistemində icra hakimiyyətlərinin yerini Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri əvəz etməsi vətəndaşların rifah halının daha da yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamə bu institutun təkmil fəaliyyəti üçün bir çox aspektləri özündə ehtiva edir. Belə ki. əsasnamənin bəndləri ilə tanış olandan sonra məlum olur ki, müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılmasına nail olunması üçün müvafiq dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına ciddi nəzarət mexanizmi həyata keçiriləcək. Həyata keçirilən nəzarət rüşvət və korrupsiya amillərinin azalmasına gətirib çıxaracaq. Məlumdur ki. Bu zamana kimi bir sıra rayon icra hakimiyyətlərinin bu kimi əməlləri ilə bağlı iş aparılıb. Rüşvət və səhv idarəçilik həyata keçirən yerli icra hakimiyyəti oqranlarının başçıları cəzalandırılıb. Görünən odur ki, yeni idarəetmə sistemi bu kimi halların qarşısını almaq baxımdan mühüm sənəddir və yaxın zamanda bu üsulun tətbliqinin müsbət təzahürlərini hər birimiz görəcək və real həyatımızda bunu hiss edəcəyik.

İltizam Yusifov
Milli Məclisin deputatı