Yeni inkişafa qədəm qoyan Füzuli rayonu

“Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi”

2020-ci ilin sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü Vətən müharibəsinin başlandığı gün kimi tarixə düşdü. Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Dünya azərbaycanlıları Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmişdir. Vətən müharibəsinin yadda qalan və qürurlu günləri Ali Baş Komandan İlham Əliyevin işağldakı rayonların azad olunmasını elan etməsi idi. 2020-ci ilin oktyabrın 17-də isə Prezidentin Füzulinin işğaldan azad olmasını bildirməsi ilə növbəti dəfə bütün xalqımızı sevindirmiş oldu. Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli döyüşləri çox gərgin olmuşdur. Burada sanki Stalinqrad döyüşləri kimi düşmənlə mübarizə aparılmışdır. Nəticədə isə müzəffər ordumz qələbə qazanmışdır. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Füzuli rayonu uğrunda gedən döyüşləri Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 17-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə xatırlayıb: “Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”. Füzuli rayonu iğaldan azad olunandan sonra Ali Baş Komandan İlham Əliyev Füzuli rayonuna bir neçə dəfə səfər edib. Rayonda çox böyük abadlıq- quruculuq işləri gedir. Zəfər yolu Füzuli rayonunun Əhməbəyli kəndindən başlanması diqqət çəkir. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin noyabrında Zəfər yolunun açılışı olub. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış isə beynəlxaq aləmin xüsusi marağında olub. Artıq bu gün Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır.

 

Odlar Yurdu Universiteti “Dillər” kafedrasının müdür müavini dos. f.f.d. Abdurəhmanova Səadət Xalid qızı