Yeni parlamentlə bağlı düşüncələr

Parlament seçkiləri bitsə də müzakirələr, çəkişmələr davam edir. Əslində bütün bunlar normaldır. Dünyanın istənilən ölkəsində seçkidən sonra narazı tərəflər olur. Azərbaycanda isə seçki zamanı kimin haqqı tapdanıb və yaxud hansısa qanun pozuntuları olubsa, bu, məsələləri Mərkəzi Seçki Komissiyası araşdırıb həll etməlidir. Çünki məsuliyyət həmin qurumun üzərindədir.

Lakin mən yeni formalaşacaq parlamentlə bağlı bəzi məqamları qeyd etmək istərdim. Yeni Milli Məclis vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı zəruri addımlar atmalıdır. Ötən illərə nəzər salsaq görərik ki, bir sıra qanunlar qəbul edilib, lakin onun icra mexanizmi tapılmır. Həmçinin yerlərdə məmurlar öz üzərlərinə düşən vəzifəni icra edib vətəndaşın problemini həll etmir. Məmurun belə davranışı, bələdiyyə institutunun formalaşmaması seçicini deputata üz tutmağa məcbur edir. Əslində bir çox problemlər buradan qaynaqlanır.

Deməli, qanunvericilik işi təkmiləşməlidir. Deputatın da, icra strukturunda çalışan məmurun da bizneslə məşğul olması birmənalı şəkildə qanunla qadağan olmalıdır. Əgər belə hallar davam edəcəksə, bu məsələlər hüquqi çərçivədə həllini tapmalıdır. Digər tərəfdən parlament qanun yaradıcılığı prosesi ilə bərabər, ümumilikdə cəmiyyətin problemlərini davamlı şəkildə öyrənməlidir.

Milli Məclisin nəzarətində sahibkarlığın, medianın, QHT-nin, ümumilikdə cəmiyyətin problemlərini davamlı tədqiq edən beyin mərkəzinin yaradılmasına ehtiyac var. Bu mərkəzin davamlı olaraq hesabatı dinlənilməli və təsirli tədbirlər görülməlidir. İstər sahibkarın, istər medianın, istərsə istənilən bir sadə vətəndaşın problemlərinin həlli dünyanın başqa məkanlarında deyil, hüquqi müstəvidə, Azərbaycanda, Milli Məclisdə, Məhkəmə İnstitutlarında tapılmalıdır.

Bu gün strateji hədəfləri olan Azərbaycana sağdan, soldan, Qərbdən, Şərqdən o qədər basqılar var. Millət vəkili internet mediasına məqalə yazmaqla işini bitmiş hesab etməməlidir. Həm dünyada fəal şəkildə parlament diplomatiyası ilə məşğul olmalı, həm də yuxarıda sadaladığım problemlərin hər birinə çox diqqətlə yanaşmalıdır. Deputat məmur lobbiçiliyini deyil, qəbul etdiyi qanunların dövlət üçün, ümumilikdə əhali üçün faydalılıq əmsalı haqqında düşünüb addım atmalıdır. Əks təqdirdə bu Milli Məclis də seçicilərin etimadını doğrultmayacaq.

Yazmalı, danışmalı məsələlər çoxdur. Təbii ki, hamısını əhatə etmək olmur. Nəhayət, Milli Məclis xeyriyyəçilik institutunun formalaşması ilə bağlı ciddi addımlar atmalıdır. Həmçinin bir neçə il öncə qəbul edilmiş “Media Haqqında” qanuna yenidən baxılmalıdır. Son olaraq QHT sektorunun inkişafı və bu sahədə olan problemlərin həlli istiqamətində zəruri addımlar atmaq lazımdır. Vətəndaş Cəmiyyətinin nümayəndələrinin potensialını millətin inkişafına, dövlətin strateji hədəflərinin təmin edilməsinə yönəltmək faydalı olar. Bir çox insanlar öz intellektlərini özləri ilə qəbirə aparmamalıdır.

Əkrəm Bəydəmirli