28 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Almaniya arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı atılan addımlar dəyərləndirilərək gedişatdan ümumi məmnunluq ifadə olunmuşdur.
Azərbaycanın haqlı mövqeyini hər platformada müdafiə edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu, məhz bu məqsədlə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdiyini və sülh müqaviləsinin layihəsinin mətninin hazırlanaraq Ermənistan tərəfinə təqdim edildiyini bildirərək, Azərbaycanın hər zaman sülhün tərəfində olduğunu qeyd etdi. Bütün bunlara baxmayaraq, “Qərb” dairələrinin bu prosesə hər vəchlə mane olmağa çalışdığını xüsusilə qeyd edən Prezident İlham Əliyev, Almaniyanın bu məsələdə neytrallıq nümayiş etdirdiyini bildirdi.
Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna münaqişələri kontekstində bir daha sübut olundu ki, dünyaya hüquq, haqq-ədalət çağırışları edən “Qərb” diplomatiyası, bu anlayışlardan ancaq özlərinə sərf edən zaman və sərf edən formada istifadə edir. Rusiya-Ukrayna münaqişəsində Ukraynanın torpaq bütünlüyünü dəstəkləyənlər, Azərbaycanın, beynəlxlaq hüququn norma və prinsiplərinə tam uyğun formada apardığı mübarizənin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməsinin nəticələrini həzm edə bilmirlər və Azərbaycan dövlətinə müxtəlif yollarla təzyiqlər göstərməyə çalışırlar.
Ancaq unudurlar ki, artıq 90-cı illərin əvvəllərindəki Azərbaycan yoxdur. Bu gün Azərbaycanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi uğurlar göz qarşısındadır. Elə həmin uğurların məntiqi nəticəsidir ki, Cənab Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 30 ildir işğal altında qalan Vətən torpaqları 44 gün ərzində işğaldan azad edildi.
Münaqişə dövründə Azərbaycana qarşı “ikili standartlar” siyasəti yürüdən dairələrin bu gün də həmin siyasəti davam etdirdiklərinin şahidi oluruq. Qeyd olunan məqama toxunan Cənab Prezident İlham Əliyev bir daha öz nitqində bu məqamı vurğuladı: “Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir.”
Avropa İttifaqı və digər Avropa institutları açıq şəkildə Cənubi Qafqaz ölkələri arasında ayrı-seçkiliyə yol verərək Azərbaycana qarşı təcrid siyasəti yürüdürlər və cavabında isə Azərbaycanın bütün olanları susqunluqla qarşılamasını, haqsızlığa səssiz qalmasını gözləyirlər. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarı bu istiqamətdə atılan növbəti qərəzli addım oldu.
Nitqində bu məsələ barədə də düşüncələrini ifadə edən Cənab Prezident Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradıldığını, bir il ərzində nümayəndə heyətimizin hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurasından tamamilə çıxması barədə məsələyə ciddi şəkildə baxıla biləcəyini bildirdi.
Azərbaycanın müstəqil hərəkət etməsini, bir sıra mühüm beynəlxalq təşkilatların aparıcı üzvünə çevrilməsini, bütövlükdə regionda və beynəlxalq arenada nüfuzlu bir aktora çevrilməsini qəbul edə bilməyən qüvvələr, hər fürsətdə ölkəmizə qarşı təsir mexanizmlərini artırmağa çalışırlar. Bu baxımdan Fransa Prezidentinin Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması ilə bağlı əsassız iddiaları dövlətimizə qarşı cəbhə yaratmaq və Ermənistanı silahlandırmaq üçün özünə bəhanə tapmaq cəhdlərindən başqa bir şey deyil.
Görüş zamanı Almaniya mətbuatında Azərbaycanın guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edildiyinə də münasibət bildirən ölkə başçısı, Avropa Şurası Parlament Assambleyasının müvafiq qərarının Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunduğu və həmin şəxsin Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü olduğu barədə faktı da açıq şəkildə nümayəndə heyətinin nəzərinə çatdırdı.
Azərbaycanın regionda güclü, öz sözünü deyən, müstəqil siyasət həyata keçirən nüfuzlu bir dövlətə çevrilməsi heç şübhəsiz ki, bu reallığı qəbul etmək istəməyən ermənipərəst qüvvələri narahat etməyə bilməz. Ona görə də Cozef Borel kimi “diplomat”ların hər fürsətdə Azərbaycan dövlətini qaralamağa çalışaraq, anti-Azərbaycan siyasəti aparmaqdan başqa çarələri qalmayıb. Amma bu cür qüvvələr bilməlidirlər ki, Azərbaycana qarşı bu cəhdləri necə ki, Cənab Prezident İlham Əliyevin liderliyində indiyədək qursaqlarında qalıb, bundan sonra da qalmağa davam edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov