Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildən başladığı islahatlar kompleks və sistemli yanaşmanı özündə əks etdirir. Dövlət başçısı ölkədə demokratik prinsiplərin inkişafına xüsusi önəm verir və bu istiqamətdə mühüm addımlar atır. Xüsusi ilə vurğulamaq lazımdır ki, ölkəmizdə yaranan yeni siyasi dialoq mühiti bütövlükdə tərəqqinin əsasını təşkil edir. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edirdi ki: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”
Bununla ölkə başçısı cəmiyyətə, müxalifətə vacib mesajlar verirdi. Yəni partiyalar, təşkilatlar öz təkliflərini versinlər, fikirlərini bildirsinlər- bütün bunlar dövlətimizin inkişafına müsbət təsir göstərən amillərdir. Ancaq dövlətimizin maraq və mənafeləri hər zaman qorunmalıdır. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi çox mühüm və uğurlu nəticələrə yol açdı. Və biz bunu Vətən müharibəsində daha aydın şəkildə müşahidə etdik.
Ölkə başçısının təşəbbüsü ilə yeni dialoq mühitinin formalaşması qarşılıqlı etimadın yaranması üçün yeni imkanlar yaratdı. İqtidarla siyasi partiyalar arasında siyasi dialoq mühitinin daha intensiv xarakter alması üçün dövlət başçımızın sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yaradıldı. Siyasi partiya liderləri ilə mütəmadi olaraq keçirilən görüşlər, onların fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin əsasını qoydu. Demək olar ki, ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi, eyni zamanda, Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövrü oldu.
İqtisadi, sosial, kadr islahatları, ölkəmizin dünyada güclənən nüfuzu birmənalı olaraq siyasi mühitdə yeni təşəbbüs və islahatların reallaşmasını tələb edirdi. Bunun üçün isə ilk növbədə siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsinə ehtiyac var idi. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi. Dövlət başçımız 2020- ci il noyabrın 22- də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı da ölkədə normal dialoqa ehtiyac olduğunu vurğulamışdı: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” .
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin daha da dərinləşdirilməsinə xidmət edir. Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, iqtidar hər zaman dialoq təşəbbüsü ilə çıxış etmişdir.
“Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilməsi ölkədə yeni siyasi dialoq mühitinin formalaşmasına təkan verdi. Bu, həm də açıq və demokratik rəqabətə çağırış kimi qiymətləndirilməlidir. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
“Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlanması zamanı aşkarlıq və şəffaflıq prinsipləri gözlənilmişdir. Belə ki, qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olundu. Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilmişdir) çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirildi. Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirildi. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik, bütövlükdə 110 düzəliş edildi. Xüsusi ilə də, tez-tez istinad edilən Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alındı.
Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıq, eləcə də regionda formalaşan yeni vəziyyət və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır. Dialoq milli həmrəyliyə, güc birliyinə çağırışdır. Bu gün, yeni şəraitdə, regionda və dünyada baş verən proseslər fonunda dialoq mühitinin yaranması və inkişafı ölkəmizin daha da güclü olmasına zəmin yaradır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova