Yeni tikililərdən mənzil alanlara XƏBƏRDARLIQ

Baş Prokurorluq tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Sabahinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirməlidir:

- Binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət

- İcarə və ya istifadə hüququnu təsdiq edən sənəd

- Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə

- Müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı

- İstismara qəbul aktı (qarşı tərəf binanın istismara verildiyini bildirdiyi halda)

- Alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər

- Mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə)

- Tikinti prosesi mərhələsindən asılı olaraq yaşayış binası və mənzilə dair digər sənədlər

- Kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri.

Qeyd edək ki, Baş Prokurorluq bununla bağlı bir neçə gün öncə də xəbərdarlıq etmişdi.