Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılılğı ilə görkəmli oftalmoloq, Azərbaycanın Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasınının 100-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Yevlax Şəhər Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Fazil İsmayılov, rayon Ağsaqqallar Şurasının, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və tibb işçiləri iştirak etmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. O, həm də xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün əvəzsiz töhfələrini verib. Azərbaycanın tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Qayğıkeş həkim Zərifə xanım Əliyevanın həyat yolu həqiqi mənada nümunə göstərilə biləcək qədər mənalı, zəngin olub. Az adam tapılar ki, fəaliyyəti ilə cəmiyyətə xeyir versin, ictimaiyyətin hörmət və məhəbbətini qazansın, insanlara gərək olsun, sayılıb-seçilən şəxsiyyət kimi tanınsın. Qaranlıq gözlərə nur paylayan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik əməlləri ilə əbədiyaşarlıq qazanmışdır.
Şəhər rəhbəri həmçinin qeyd etdi ki, bu gün işığına, nuruna toplaşdığımız qüdrətli insanın – əbədiyaşar Zərifə xanım Əliyevanın şərəfli adı, misilsiz fəaliyyəti tariximizin şanlı səhifələrini təşkil edir. O, insan kimi ətrafına nümunə idi. O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, nursuz gözlərə işıq paylayan, Günəşə, Aya, təbiətin müxtəlif rənglərinə, füsunkar gözəlliklərə həsrət qalan insanlara həyat eşqini qaytaran idi. O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, həmçinin Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran ictimai xadim, Xalqımızın hər zaman rəğbətlə xatırladığı böyük dövlət xadiminin – Əziz Əliyevin övladı, iki əsrlik münaqişəni və 30 illik savaşı cəmi 44 günə Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaratmış Müzəffər Ali Baş Komandanı böyütmüş fədakar, qayğıkeş ana idi. Onun ömür yolu elmi fəaliyyəti uğurlarla zəngindir. Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Onun yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Zərifə xanımın unudulmaz xatirəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Müzəffər Sərkərdə missiyasında yaşayır. Zərifə xanımın ictimai fəaliyyətini Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev fondunun rəhbəri, hörmətli Mehriban xanım Əliyeva bu gün daha geniş miqyasda şərəflə, məsuliyyətlə davam etdirir.
Konfransda çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Yevlax Şəhər Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Fazil İsmayılov və başqaları vurğulayıblar ki, Zərifə xanım Əliyeva hər şeydən əvvəl Azərbaycan dövlətinə, xalqına xidmət edən gözəl bir nəslin nümayəndəsidir. O, həkimlik peşəsini, xüsusilə oftalmologiya sahəsini seçərək insanlara nur bəxş edib, onlara həyatın bütün rəng çalarlarını görməsində kömək edib, ən əsası bu sahədə qabaqlayıcı tədbirlərin istiqamətlərini müəyyənləşdirib.
Konfransda akademik Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarxın nümayiş etdirildi.
Sonda Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları Zərifə xanımın Əliyevanın əziz xatirəsinə həsr olunmuş musiqi nömrələri ifa ediblər.