Yevlaxda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş rayon turnirinin final mərhələsi keçirilib

Yevlaxda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinin final mərhələsi keçirilib. 

“İki sahil” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş idarə,müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon turniri keçirilib. 

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat  tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olub. Bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi xüsusi tədbirlər həyata keçirilib. Bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın bayrağı beynəlxalq kürsülərdə dalğalanır və idmançılarımız saysız-hesabsız uğurlara imza atır. 

14 mart 2023-cü il tarixdən başlayan futbol turnirinin qrup və play off mərhələləri keçirilib. 4 qrup olmaqla 16 komanda final üçün mübarizə aparıb. 8 may 2023-cü il tarixdə komandalar arasında  final qarşılaşması olub. Kubok uğrunda mübarizə aparan komandalardan Yevlax “Arfa mebel” komandası 1-ci yeri, Yevlax “Mühafizə polisi” komandası 2-ci yeri, Yevlax “Qaz istismar sahəsi” komandası 3-yeri tutub. 

1-ci yerin qaliblərinə  kubok və diplomlar,2-ci və 3-cü yerin qaliblərinə isə diplomlar təqdim olunub. Həmçinin komandalara hədiyə kuponları, futbol topu təqdim edilib, xatirə şəkilləri çəkilib.