Bakının Xəzər rayonunun Binə qəsəbəsində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib.
DİN-dən Sabahinfo.az-a verilən məlumata görə, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.