Sentyabrın 1-də Astara rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"in da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda şəhid və qazi ailələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.