Zal Yusifovun oğlu yenidən həbs edildi

“Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib.

Sabahinfo.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.

Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib. Amma o, həbs edilməyib. İ.Yusifov və İ.Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib.

Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onları 14 ilə kimi həbs gözləyir. Bu, İslamın ikinci eyni tipli ağır cinayəti olduğundan ağıraşdırıcı hal hesab olunur.

Qeyd edək ki, “Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum edilib. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.