Üç il öncə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bununla da, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda, həmçinin, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Zəfər Paradında çıxışı zamanı Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qeyd etmişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
Parad zamanı diqqətçəkən ən mühüm məqamlardan biri kimi Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilməsi idi. Paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Burada nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğıdan xəbər verməklə bərabər, ordumuzun maddi-texniki bazasının zənginliyinin ifadəsi idi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi paradda nümayiş olunmuşdur.
Zəfər paradında əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri də xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürü idi. Bütün dünya bir daha gördü ki, ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
Beləliklə, Zəfər paradı bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi.
İbtidai təhsil fakültəsinin dekanı - prof. Qızxanım Nizaməddin qızı Qəhrəmanova