Zəfər Qurultayı bütün dünyaya bir daha sübut etdi ki, biz böyük və məğrur xalqıq

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir.

Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən indiyədək həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətinin bəhrəsi son vaxtlar Şuşada bir-birindən əhəmiyyətli tədbirlərin keçirilməsində özünü büruzə verir.Güclü iqtisadiyyatın, qüdrətli ordunun yaradılması, milli həmrəyliyin təmin edilməsi, cəmiyyətdə yüksək vətənpərvərlik ab-havasının olması və qazanılmış şanlı Qələbə Prezident İlham Əliyevin xalqımız qarşısında tarixi, misilsiz xidmətidir. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspor nümayəndələri, həmçinin qonaqlar ermənilərin faşizm xislətinin şahidi olmaqla yanaşı, postmüharibə dövründə - Qələbədən keçən dövr ərzində Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qurultay iştirakçılarına postmüharibə dövründəki reallıqlar barəsində də məlumat verərək, Qələbənin hərbi-siyasi yolla qazanılmasının çətinliyini, bu yolda xalqın, eləcə də dünya azərbaycanlılarının dövlətimizin başçısının ətrafında sıx birləşməsini, Prezident-Xalq-Ordu vəhdətini, postmüharibə dövründə ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsini, Qarabağın cənnətə çevrilməsi üçün başlanılan genişmiqyaslı işləri bir daha diqqətə çatdırdı.Qurultayda da qeyd edildiyi kimi, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətəni ilə əlaqələri qoruyub saxlamalı, mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması da bu məqsədə xidmət edir.

İbrahim kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı