Zəfər tarixini yazanlar - Azərbaycan gəncliyi

"Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir". Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, 2 fevral gününün ölkəmizdə “Gənclər Günü” kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. . Məhz onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün mübariz, vətənpərvər, intellektual bacarığı ilə seçilən yeni nəsil yetişə bildi".

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında yeni dövr başladı: "Məhz onun rəhbərliyi ilə həyata keçirilən davamlı tədbirlər,uğurla icra olunan dövlət proqramları gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadı. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçilimizə sədaqət hisslərinin aşılanması həmişə ön planda oldu. 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunmuş gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Neçə-neçə qəhrəman əsgər və zabitlərimiz vətənin azadlığı uğrunda həyatından keçərək şəhidlik zirvəsinə ucaldı. Neçə-neçə igidlərimiz sağlamlığını qismən itirdilər. Şəhidlərimizin hər birinin adı Azərbaycanın əldə etdiyi bu Zəfər tarixinə əbədi olaraq yazıldı. Xalqımız həmişə onların əziz xatirəsini uca tutacaqdır. Bu gün öz bayramını- Gənclər Gününü qeyd edən Azərbaycan gənci gələcəyə ümidlə, həvəslə baxır. Bu gün onun güclü dövləti, sarsılmaz ordusu, Müzəffər Sərkərdəsi var. Əziz gənclərimiz, sizləri bu gözəl gün münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar, müfəvvəqiyyətlər arzulayıram".