2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də YAP Yevlax rayon təşkilatında gənclər və idmançılarla, o cümlədən Yevlax rayonunun Aşağı Qarxun kəndində yaşayan seçicilər ilə görüş keçirilib.
Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Zərxanım Əhmədova, Fariz İmamverdiyev və Əlirza Abdullayev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, xalqımız öz Liderini 2003-cü ildə seçdiyi zaman əmin idi ki, cənab İlham Əliyev Azərbaycanı qüdrətli və yenilməz bir dövlətə çevirəcək. Azərbaycanın böyük tərəqqi yolu keçməsi, bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər, 30 illik işğala son qoymaqla ərazi bütövlüyümüzün tam şəkildə təmin edilməsi bir daha sübut etdi ki, Prezident İlham Əliyev ölkəmizin və xalqımızın maraqlarını layiqincə təmin edib.
Natiqlər seçicilərin 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə ən aktiv formada iştirak edəcəklərinə inandıqlarını deyib, Yevlax sakinlərini ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Yevlax şəhərində Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Əyyubovun ailə üzvləri də ziyarət olunub.