44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər, bu il sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam təmin olunması bizə yeni reallıqlar və yeni şərtləri diqtə edir. Ölkəmizin daha da güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni inkişaf strategiyasına ehtiyac vardır. Cənab Prezident İlham Əliyevin ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncamı ölkəmizdə və regionda yaranan yeni reallıqlardan doğdu.
Artıq bir neçə gündür ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən üzərinə düşən vəzifə və öhdəliklərin icrası ilə məşğuldur. Seçkilərin azad və ədalətli, sağlam rəqabət şəraitində keçiriləcəyinə şübhə yoxdur. Artıq bir neçə siyasi partiya prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib, öz namizədlərini irəli sürüblər. “Siyasi partiyalar haqında” qanuna uyğun olaraq istənilən siyasi partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Onların bütün hüquqları eyni qaydada təmin edilib. Təəssüf ki, yenə də müxalifətin radikal qanadı növbədənkənar prezident seçkiləri ilə bağlı ənənəvi dəst-xətlərini davam etdirirlər. Onları bu seçkiləri yanlış şərh edir, ictimaiyyəti çaşdırmağa çalışırlar. Əslində, bu yanaşma onların gücsüzlüyündən xəbər verir. Heç bir sosial dayağı, nüfuzu, imkanı olmayan siaysi partiyalar seçkilərdə heç bir nəticə qazana bilməyəcəklərini yaxşı anlayırlar. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq zəifliyi kimi qiymətləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə qaralama kampaniyasına start veriblər. Onların seçki prosesində qeyri-obyektiv yanaşmaları ucuz şoudan başqa bir şey deyil. AXCP və Müsavat Partiyasının seçkilərdə iştirak etməmək, boykot qərarları da zəifliyin göstəricisidir. Əslində bu bizi təəccübləndirmir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas xüsusiyyətlərdən biri olub. Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina isə başqa mətləblərdən xəbər verir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar reallığı dərk etməlidirlər.
Azərbaycan xalqı radikal müxalifətin kimlərin havasına qol qaldırdıqlarını, kimlərin əmri ilə oturub-durduqlarını yaxşı bilir. Onların keçmişdəki fəaliyyəti bizim yadımızdan çıxmayıb. Ölkəmizi, xalqımızı zəif, sözəbaxan, qeyri-mədəni bir doplum kimi görmək istəyən qüvvələr məqsədli şəkildə radikal müxalifətin məhdud imkanlarından maksimum yararlanmaq istəyirlər. Müsavat Partiyası və AXCP-nin anti-Azərbaycan layihəsində yer alaraq çirkin kampaniyaya qoşulması yalnız təəssüf doğura bilər.
Antimilli ünsürlərin seçki prosesindən kənarda qalması əslində xəyanət, zəiflik və qorxaqlıqdan başqa bir şey deyil. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyənlər hansı haqla “boykot”dan danışa bilərlər? Azərbaycan xalqı sizi çoxdan “boykot” edib. Hətta radikal qüvvələr də yaxşı anlayırlar ki, hakim partiya növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməklə ilk növbədə xalqın tələbini yerinə yetirdi. Bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında qalib gəlmək şansı yoxdur. Bununla belə bütün tərəflərə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalif qüvvələri rahat şəkildə seçki marafonuna qatılırlar. Bu marafona qoşulmayanlar isə Azərbaycanda demokratik islahatlara qarşı çıxırlar, inkişafımızı, güclənməyimizi istəmirlər. Onlar beynəlxalq təşkilatlara Azərbaycandakı seçkiləri tənqid etmək üçün “mövzular” istehsal etməklə məşğuldurlar. Qərəzli yanaşmalar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırırlar.
Radaikla müxalifətin seçkilərə münasibətindən asılı olmayaraq növbədənkənar prezident seçkilərinin azad və ədalərli şəraitdə keçiriləcəyinə, xalqın öz iradəsini müstəqil şəkildə ifadə edəcəyinə heç kəsdə şübhə yoxdur. Əminəm ki, xalq yenə də güclü Azərbaycan naminə səsvermədə iştirak edib layiqli namizədə səs verəcəkdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı