Oktyabrın 6-da dünyanın diqqəti Praqaya yönəlmişdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlətimizin başçısı İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərdə, “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masadakı çıxışında və media nümayəndələrinə verdiyi açıqlamalarda qeyd etdiyi bir sıra məsələlər ölkəmizin sülh və təhlükəsizliyin möhkəmləndirilməsində aparıcı rol oynadığını bir daha göstərdi.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib.
O vurğulayıb ki, bütün dünya Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi oldu. Mövqeyindən bir addım belə geri çəkilməyən Müzəffər Ali Baş Komandan Praqada Qarabağda olan ermənilərlə bağlı vacib bir məqamı vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
Praqada qəbul edilmiş bəyanata əsasən, Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını vurğulayan Milli Məclisin deputatı bildirib ki, bəyanatda Azərbaycanın milli maraqları öz əksini tapıb. Ərazi bütövlüyünə hörmət prinsipi həm regionda, həm də dünyada sülh, təhlükəsizlik və sabitliyin əsasıdır. Ölkəmiz də xarici siyasətində bu amilləri ön planda tutur, Ermənistanla aparılan danışıqlarda regionda sülh və təhlükəsizliyin təmin olunmasına çalışır. Dövlətimizin başçısı bu barədə deyib: “Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur”.
Cəbi Quliyev qeyd edib ki, Cənubi Qafqazda iqtisadi inkişaf, eyni zamanda, qonşu dövlətlərlə iqtisadi əlaqələrin yeni mərhələyə keçməsi Zəngəzur dəhlizinin açılmasından sonra mümkün ola bilər. Çox təəssüf ki, rəsmi İrəvan bununla bağlı üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib. Praqa səfəri zamanı Prezident İlham Əliyevin verdiyi açıqlamada bu məsələni bir daha vurğulaması isə ölkəmizin Zəngəzur dəhlizi məsələsini hər zaman gündəmdə saxladığını göstərdi. Dövlətimizin başçısı deyib: “Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir”.
Görüşün nəticəsində verilmiş bəyanatda qeyd olunub: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Bu məsələyə diqqət çəkən Cəbi Quliyev vurğulayıb ki, göründüyü kimi, 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunub və Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alınıb. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Gedən proseslər isə bir daha göstərir ki, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daim artır.