Zəngin ədəbi dilimiz

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olmuşdur. 23 ay davam etməsinə baxmayaraq, həmin dövrdə dövlət dili haqqında qanun qəbul edilmiş, müəyyən tədbirlər başlanılmışdır. Lakın digər sahələrdə olduğu kimi, buradada sovet ideoloji əsaslar dilimizin inkişafına əngəl yaratdı. Azərbaycan dilinin dövlət dili kimi inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Hələ 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilərək, bir sıra mühüm sənədlər təsdiqlənmişdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb. Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də doğma dilimizin inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Qətiyyətlə deyə bilərik ki, bu gün ana dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban Əliyevadır. Müasir dövrün çağrışlarına cavab olaraq dilimizin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər həyaat keçirilir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç nəyi ola bilməz. Ana dilimizi sevək, öyrənək və gələcək nəsillərə ləyaqətlə çatdıraq.

Heydər Əliyevin dediyi kimi, "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi etmisdir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

Tarixi keçmişimizi özündə yaşadan qədim və zəngin mədəniyyətə sahib ana dilimizi qoruyaq, yaşadaq və inkişaf etdirək! Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident tərəfindən daha da gücləndirilən dövlət dil siyasətinin ən bariz nümunəsidir.

Hicran Hüseynova

Milli Məclisin Ailə Qadın Komitəsinin sədri