Milli Məclisin 8 may 2025-ci il tarixli plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın çıxışı
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Çünki xalqın nə istədiyini yaxşı bilirdi və buna uyğun istiqamətlərdə də addımlar atırdı. Onun tarixi xidmətlərindən biri də ilk Konstitusiyanın hazırlanması idi. Məlumdur ki, müstəqilliyini yenidən bərpa edən bir dövlət üçün Konstitusiyanın qəbul edilməsi mühüm bir məsələ idi. Lakin həmin dövrdə ölkədə siyasi qeyri-sabitlik, xaos yaranmışdı. Vahid siyasi iradə yox idi. Məhz belə çətin tarixi dövrdə xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə insanları milli dövlətçilik ideyası ətrafında birləşdirməyə nail oldu.
İnsan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Həmin sənədin 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu, bir daha ailə institutunun dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin sübutudur. Konstitusiyanın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailədə qadın və kişinin hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Digər tərəfdən isə valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. Bu sənədin müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri təsbit olunmuşdur. Konstitusiyanın qəbul olunması uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, ailə mühitində böyüməsi, hüquqlarının müdafiəsi istiqamətində güclü qanunvericilik bazası formalaşmasına səbəb oldu. "Ailə bizim cəmiyyətimizin əsas sütunudur" – Möhtərəm Prezident cənab İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar və digər) təsbit olunmuşdur. “Gender bərabərliyinin təminatları haqqında” , “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunları ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxardı. Zorakılığın, xüsusi ilə qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün mexanizm yarandı.
Əlbəttə ki, müasir çağırışları və yenilikləri özündə ehtiva edən Konstitusiya islahatları demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ölkəmizdə gedən demokratikləşmə proseslərinin daha da dərinləşməsi kimi məqsədlərə xidmət edir. Buna misal olaraq 2009-cu ildə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Aəzrbaycan Respublikasının Referendum Aktını göstərə bilərik. Həmin sənəddə “Ailə, uşaqlar və dövlət” (17-ci maddə), “Bərabərlik hüququ” (maddə 25), “Şəxsi toxunulmazlıq hüququ” (maddə 32) maddələrinə edilən dəyişikliklər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində yeni imkanlar yaratdı.
Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə ölkəmizi, mədəniyyətimizi, tariximizi, mədəni irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ edir. Biz inanırıq ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.