Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. 1985-ci il aprelin 15-də gözlərini dünyaya əbədi yuman Zərifə xanım Əliyeva özündən sonra bizə böyük bir miras qoyub getdi.
Onun yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər. Traxoma kimi ağır xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmiş akademikimizin sayəsində bu infeksiya və onun ağır nəticələri Azərbaycanda tamamilə aradan qaldırıldı. Zərifə xanım davamlı şəkildə traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası ciddi elmi ədəbiyyat kimi dünyanın tibbi araşdırmalar institutlarının istinad mənbəyidir. Təsadüfi deyil ki, Zərifə xanımın əziz xatirəsi Azərbaycandan kənarda da yad edilir. Zərifə Əliyeva kimya və elektrotexnika sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur. Akademikin çoxsaylı məqalələri, xüsusilə də, tibb işçilərinin şəxsiyyət kimi formalaşmasına xidmət edən “Yüksək etimad” kitabı bu gün həkimlərimizin masaüstü kitabına çevrilib.
Elmi fəaliyyətilə yanaşı, Zərifə xanın Əliyeva qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi bütün qadınlarımız üçün əsil nümunə olub. O, hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub. Ulu Öndər Zərifə xanımın mübarizliyini, qayğıkeşliyini daim yüksək qiymətləndirib.
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”, deyə dahi lider Heydər Əliyev bildirib.
Zərifə xanım yalnız biliyini, elmini tələbələrinə öyrədən müəllim olmayıb, həm də ölkəmizin gələcəyinə işıq saçan gəncliyə ana qayğısı göstərib. Bu, əsl Azərbaycan qadınının alim, müəllim kimi xalqına sevgisi, gələcəyi üçün xidmət nümunəsidir!
Yalnız Zərifə Əliyeva kimi öz soy-kökünə, ailə dəyərlərinə, zəhmətə bağlı olan qadınlar savadlı, vətənpərvər, liderlik xüsusiyyətlərinə malik övlad yetişdirə bilərdi. Zərifə xanım xalqımızın xilaskar lideri, böyük öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi üzərinə düşən çətin missiyanın öhdəsindən layiqincə gəlirdi. Onun tariximizə ilk dəfə olaraq Zəfər yazaraq ümumxalq sevinci yaşadan qalib Komandanın anası olması, xüsusilə, vurğulanmalıdır. Çağdaş dünya siyasi düzəninin ən qətiyyətli liderlərindən biri hesab olunan Prezident İlham Əliyevin yetişməsində Zərifə xanımın xidmətləri əvəzsizdir.
Ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım haqqında xatirələrinin birində belə söyləyib: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Bu gün Şuşada, Xocalıda, Laçında, Xankəndidə və digər işğaldan azad olunmuş Vətən torpaqlarında dalğalanan Azərbaycan bayrağının üzərində həm də övladı ilə qürurlanan müqəddəs, pak ana ruhu dolaşır.
Zərifə Əliyeva cismən aramızda olmasa da, onun bizə miras qoyduğu irs - ailə prinsipləri, həkimlik fəaliyyəti, elmi yaradıcılığı daim yaşayacaqdır.
İltizam Yusifov
Milli Məclisin deputatı