"Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub".
Bunu görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi”.
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur”.
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.