“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid qismində ifadə verən Etibar Bağırov bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır: “Evə gələndə uşaqlar dedi ki, ata, dostunu televizorda göstəriblər. Baxdım ki, Tariyeli öldürüblər. Hadisə barədə heç bir məlumatım olmayıb. Heyif, Tariyel öləsi adam deyildi".
Digər şahid Azər Şirinov bildirib ki, zibil atmağa çıxanda parkda yerdə uzanıqlı adam görüb: "Səhər tezdən evdən zibil atmağa çıxmışdım. Gördüm parkda bir nəfər üzü üstə yerdə uzanıb. Yaxınlaşdım, amma tanımadım. Sonra evə qalxıb polisə məlumat verdim. Bölmədən polislər gəldi".
Şahid Günel Quliyeva isə bildirib ki, təqsirləndirilən Dəyanət Quliyev onun qardaşı, Müşfiq Atakişiyev isə dayısıdır:
"Mən bu hadisədən Dəyanət həbs olunadan sonra xəbərdar olmuşam. Əvvəllər Tariyel Əhmədovu tanımamışam. Dəyanətin yoldaşı bizə zəng etdi, anamla danışdı. Dedi ki, Dəyanət içib sərxoş olub, polisə qətl hadisəsi törətməsi barədə məlumat verib. Son zamanlar Dəyanətin psixologiyasında problemlər yaranmışdı. Buna görə də həkimə gedirdi, dərman qəbul edirdi. Amma sonradan həkimə getmədi, dərman qəbul etmədi".
Daha sonra prosesdə şahidlərin istintaqa verdiyi ifadə elan edilib.
Məhkəmə prosesi martın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.