Etibar Cavad - Sözdə igid olmaz özün öyməklə

2016-12-19 09:25:17 / 15277 dəfə oxunub

Dan sökülür,
Qızıl günəş yuxusundan oyanıbdır.
Ağacların yarpaqları minbir rəngə boyanıbdır.
Hər yarpağın bir rəngi var
Sevda rəngi,
Həsrət rəngi...
Qara qarğa qarıldayır,
Susub bülbülün ahəngi.
Külək əsir,
Nəfəs kəsir.
Yarpaq yağır,
qalaqlanır üst-üstünə.
Yola çıxır xəyallarıım
uzaq yola,
hər nə ola
bir gül verə incəbelə.
Ümidləri puça çıxır
Elə bil ki çıxmış imiş it üstünə.
Saçlarımı həsrət yolur,
Uzaqlardan eşidilr mocüzəli azan səsi...
Gözüm dolur.
Bulud gəlir günü boğur
Leysan yağır
Yağış yuyur yarpaqları dəfn etməyə.
Tükənirəm mənzərədən,
Xəzan ömrü yaşayıram... .
Ah, gen dünya necə dardır sənsiz gülüm!
Bəlkə də bu son bahardı...
Bu nə gündü ey kimsəsizlər kimsəsi?
Günsüz gündü!..
Ah bu necə ömür-gündü?..
Xülyaların havasıyla yaşayıram.
Hər gün yara qaşıyıram.
Soldur məni,
öldür məni
Qoy mən də yeri bəzəyim
Yarpaq kimi...


Xətrinə.

Ah,necə düşmüşük dərdə,kədərə, 
Yaşamaq uğrunda karın xətrinə. 
Niyə zühur etmir imami Zaman, 
Soyuq savaş gedir qarın xətrinə.

Ah,necə bircə yol ürəyim gülməz,
Fələk zülm eyləyər qədrimi bilməz. 
Könlüm xəstə düşər təbibim gəlməz, 
Ölüb-dirilərəm yarın xətrinə.

Ah,niyə yurdumun qadası coxdu, 
Göz yaşı içməkdən gözümüz toxdu. 
Niyə Allahın öz balası yoxdu, 
Rəhm eyləyə uşaqların xətrinə.

Ah,niyə şeytanı yaratdı Allah, 
Həvva nənə etdi o boyda günah. 
Adəm baba saldı buğdaya tamah, 
Cənnətdən qovulduq barın xətrinə.

Ah,niyə mən hünkar ola bilmədim, 
Zülmün saçlarını yola bilmədim. 
Varı ədalətli bölə bilmədim, 
Dünya dağılacaq varın xətrinə!..


Gərək deyil.

Bir oda, ocağa alovlanmağa,
Közə yel gərəkdi, sel gərək deyil.
Gülü qanqal ilə tərsə salana,
Samanlıq gərəkdi, gül gərək deyil.

Torpaq əldən gedə, el-oba köçə,
Yağı döşlərinin südünü içə...
Vətən, oğul istər canından keçə,
Ona qeyrətindən şil gərək deyil.

Qiymət qoyulmursa alın tərinə,
İnsan qoyulubsa qoyun yerinə,
Acından uşağı ölən birinə,
Vətən gərək deyil, el gərək deyil.

Tarixən var üstdə tökülübdü qan,
Yaşamaq əzəldən deyildir asan.
Zalimə yenilməz ağıllı insan,
Güclü olmaq üçün fil gərək deyil.

Etibar, özünü qoyma qəm yora,
Nadanlar qiymətsiz girəcək gora.
Söz təsir eyləməz ağıldan kora,
Gözünə soxmağa mil gərək deyil.


Məni görməsən.

Bir günü köç edib dünyandan getsə, 
Ürəyin durmazmı de, ala gözlüm? 
Məsum baxışları dəli sevdanın, 
Tilsimi qırmazmı de, ala gözlüm?

Bir sabah qorxmadan qar əllərinlə, 
Bu yanan əlləri tutmazmısan sən? 
Qırıb zəncirləri, qırıq qəlblinin, 
Sinəsi üstündə yatmazmısan sən?

Qara pəncərəsin açıb gözünün, 
Sevdamız Günəşi görməzmi daha?. 
Gözlərim gözündən bir az su içib, 
Qəlbimin atəşi sönməzmi daha?

Zalim, gözləməyə necə tabın var, 
Əgər ki, ürəkdən sevirsən birin? 
Üzünə açılan bircə qapını, 
Niyə açmayırsan, nə dərdi-sərin?

Dayanıb durmuşam Qıl körpüsündə, 
Yıxıllam, əlini mənə verməsən. 
Cəhənnəm əzabın çəkməzmi könlün, 
O cənnət qoynunda məni görməsən?..


Qaldı.

Saydım,sevib seçdim güllər içindən,
Telinin gül ətri küləkdə qaldı.
Mən saydım nə olsun,fələk nə saydı?
Sevgim böyümədi,bələkdə qaldı.

Dedin bu eşq ilə mələklər qəmgin,
Şeytanı güclüdür,verməz bizə gün.
Dedim böyük eşqə layiqdir sevgin,
Dedin ümidləri fələkdə qaldı.

Dedin tufan qopar,yollar bağlanar,
Dedim Haqqdan qorxar,səddlər dağılar.
Dedin qanlı sular durulmaz ey yar,
Dedim bir ümid var,bir ləkdə qaldı.

Dedin cox ağırdı məndəki məlal,
Dedim ürəklərdə salmaz qeylü-qal.
Dedin cox çətindi ey hüsnü cəmal,
Dedim çətin deyil,ürəkdə qaldı?!

Dedin ki,gen dolan tabım qalmadı,
Dedim karvan hələ yola salmadı.
Dedin kuzə sındı,suyu dolmadı,
Dedim Etibarın bir şəkdə qaldı...


Niyə özümüzü naşı sevirik?

Könlündə insafı,rəhmi yoxdusa,
Biz niyə bir qəlbi daşı sevirik?
Haqqı deyənlərin dilini kəsib,
Məzlum gözlərdəki yaşı sevirik,
Niyə özümüzü naşı sevirik?

Bu elə,obaya dayaqları yox,
Qazini,əlili,uşaqları yox,
Başları gəzdirən ayaqları yox,
Xalqın qanın içən "başı" sevirik,
Niyə özümüzü naşı sevirik?

Bircəyol birliyə gələ bilmirik,
Qanı qanun ilə silə bilmirik.
Niyə Babək kimi ola bilmirik?
Bahar arzulayıb qışı sevirik,
Niyə özümüzü naşı sevirik?

Sözdə igid olmaz özün öyməklə,
Zalimlər basılmaz söyüş söyməklə.
Dəmir yumşaqlaşar ancaq döyməklə,
İgidlər, dır-dırı, qarğışı sevirik,
Niyə özümüzü naşı sevirik?

Məzlumun işığın,qazın kəsəni,
Xalqın haqqın yeyib xalqdan küsəni,
Başımızda qara yeltək əsəni,
Rüşvətlərə öyrəşmişi sevirik,
Niyə özümüzü naşı sevirik?..

 

 

 



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws