Azərbaycan gəncliyi məsuliyyətini dərk edir

Gənclər siyasətində qarşıya qoyulan məqsədlərdən biri işsizliyin aradan qaldırılması, gənclərin milli vətənpərvərlik ruhda formalaşmasıdırsa, digər hədəf yüksək vəzifələrin idarə edilməsi üçün milli kadrların hazırlanmasıdır.

Yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması bu gün aktual məsələlərdəndir. Artıq gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərməkdədir.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Məhz bu addım ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm mərhələdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dönəmində gənclər siyasəti daha da genişləndirildi. Dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.Son illərdə Prezident İlham Əliyevin bir fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin forma və mahiyyəti haqqında dolğun təsəvvür yaratdı. Belə ki, 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında çıxış edərkən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda gənclər küçələrə çıxsa və daha çox eşidilməyi tələb etsələr, onları dinləyər. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin "Gənclər İli" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub.

Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.

İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"-u ətrafında sıx birləşdilər.

Bu gün gənclərin demək olar ki, təhsil problemi yoxdur. Əsas problem gənclərin, gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasıdır ki, bu sahədə ciddi addımlar atılmaqdadır. Hesab edirəm ki, biz yaxın vaxtlarda bu istiqamətdə daha ciddi, sevindirici addımların şahidi olacağıq.

Cəbi Quliyev

Milli Məclisin deputatı