Din alverinin acı Taleyi

İlk baxışdan inanılmaz təsir bağışlaya bilər, amma belədir: materiya rəngli deyil, ağ-qaradır və ətrafımızdakı çalarlar şüurumuzun təzahür formalarından biridir.

Optikanın şərtlərindənbiri budur: qara rəngli əşyalar vizual olaraq ölçü baxımından, sanki, kiçilirlər.
Qara əməl də belədir: haqqında nələrin danışılmasından, necə qələmə verilməsindən və şərh edilməsindən asılı olmayaraq həmişə kiçik görünür. Nə qədər böyük təki təqdim edilsə də.

O qara əməli qara bayraqlı, qara paltarlı insanlar törədirsə - optikanın qanunları işə düşür.
Radikal islamçıların qara rəngi seçmələri təhtəlşüur səviyyəsində bəlkə də təsadüf ola bilər: amma din adı ilə demaqogiya, siyasi alver üçün əlverişli gəlir onlara.
Seçimin səbəbini soruşanda da buyururlar ki, bəs Hz.Məhəmmədin (s.ə.s.), Rəsulillahın bayrağı qara rəngdə olub.
Doğrudur, bayraq qara idi - amma əməllər o çalarda deyildi və İslamın ilk bayrağının rənginin qara olması barədə iddialar dini bilikləri az olanları siyasi möhtəkirlik qurbanlarına çevirməyə xidmət edir.

Bir zamanlar Nardaranda qara bayraqlar qaldıranlar az deyildi və belələri barədə hazırda məhkəmə prosesi gedən Taleh Bağırov fəxrlə danışırdı. Çünki nə danışdığını gözəl bilirdi. İslamın ilk bayrağı, yəni "ələm əl İslam" və ya "ələm əl Şəhada" ilk xilafətin bayrağı idi. Hz.Məhəmmədin (s.ə.s) bayrağı qara yox, ağ rəngdə idi. Çünki qara bayraq "dar əl Hərb" adlanırdı və "Cəddala qarşı savaş bayrağı" sayılırdı: "kafirlər"ə və "müşriklər"ə qarşı müharibələrdə, habelə istilalarda bu bayraqdan istifadə olunurdu.
"Dar ül İslam" adlanan ağ bayraq isə İslamın gerçək, əsl bayrağıdır. Hz.Məhəmməd bayrağını "əl uqab", yəni "qartal" adlandırmışdı.

Ərəblərin həm də "ər rəya" və ya "rəyat əs səuda" dedikləri qara bayraqsa "kafirlərlə müharibə"nin  simvolu idisə, sonradan Hz.Mehdi Sahibəzzamanın gözlənilən zühurunun və onun Dəccala qarşı savaşının nişanəsinə çevrildi.

Hazırda dünyanın müxtəlif ölkələrindəki islamçı radikalların, dini şüarlarla pərdələnən, çıxışlarında və çağırışlarında sürəkli olaraq hədislərdən, ayələrdən iqtibaslar gətirməyi, Qurani-Kərimdə buyrulanları kontekstdən çıxarıb istədikləri kim, sırf öz maraqlarının təminatına yönəlmiş formada deyənlərin və ən müxtəlif əməllərinə "müsəlmanların maraqları uğrunda mübarizə" yarlığı vuranların məhz qara bayraqlar seçmələri, qara rəngə üstünlük vermələrinin səbəbi budur.
Onlar olduqlarından böyük, güclü, qüdrətli, mübariz görünməyə çalışırlar.
Fəqət, fizikanın elementar qanunlarını unudur, optikanın nə olduğunu xatırlamırlar və bilmirlər ki, qara niyyətlərin büründüyü qara rəng onları nə qədər kiçik, cılız göstərir.

"Bu Qurana and olsun ki..."

Taleh Bağırov məhkəmə iclasında deyib: "Biz Qurana and içirik ki, bu maddələrin heç birinin bizə aidiyyəti yoxdur. Əgər varsa, Quran bizə qənim olsun". Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan "Müsəlman Birliyi" adlı təşkilatın rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı və Azərbaycan Xalq Cəbhəsi Partiyasınin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edir.
Xatırladaq ki, T. Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
Taleh Bağırov məhkəmədə çıxışa çevirdiyi ifadəsində Nardaran olaylarında Azərbaycan hökumətini, öz təbirincə desək, dövləti "suçlayır", polislərin "dinc insanlara atiəş açdığını" iddia edir.

Emosional danışır, Qurana and içir, suçsuz olduğunu israrla təkrarlayır.
Məhkəmə prosesi getdiyindən T.Bağırova qarşı irəli sürülmüş ittihamları, Nardaran hadisələri zamanı onun gerçək əməllərini dəyərləndirmək istəmirik. Hüquqi qiyməti məhkəmə verməli, T.Bağırovun suçlu və ya suçsuz olması ilə bağlı məhz məhkəmə hökm çıxarmalıdır.
Bununla belə, tarix var, yaşananlar mövcuddur ki, Nardaran olaylarından xeyli əvvəl hadisələrin məcrası Taleh Bağırovun əməlləri ilə sözləri arasında kəskin uçurumu olduğunu göstərirdi.

İndi məhkəmədə "Mən həbsdən çıxandan sonra verdiyim müsahibələrdə, çıxışlarımda bildirmişəm ki, Azərbaycanda islam dövləti qurmaq qeyri-mümkündür" söyləyən Taleh Bağırov, deyəsən, həqiqətən də, dediklərini, hətta xütbələr kimi qələmə verilən çağırışlarını xatırlamaq istəmir.
Halbuki, "Müsəlman Birliyi" adlı qurumu yaradan T.Bağırov Azərbaycandakı mövcud hakimiyyətdən, yumşaq yazsaq, "kəskin narazılığı"nı fasiləsiz bəyan edir, ölkənin "İslam üsulu və Şəriət qaydaları ilə idarə olunacaq məkan"a çevrilməsinin alternativ variantlardan biri olduğuna dolayısı işarələr vururdu. İyulun 15-də Türkiyədə hərbi çevriliş vasitəsilə hakimiyyəti qəsb etməyə çalışan və uğursuzluğa düçar olan Fəthullah Gülənin məqsədləri ilə T.Bağırovun mənsub olduğu dəstənin istəkləri faktiki olaraq eynidir.

Təbii, Taleh Bağırov heç bir halda "kalibr" baxımından F.Gülənlə müqayisə edilə bilməz: onlar dindən sırf siyasət üçün yararlananların fərqli "liqa"larının "oyunçu"larıdır. Amma nə də olsa, eyni məramları, az qala eyni sifarişçiləri və hamiləri var.
F.Gülən təki, T.Bağırov da Azərbaycanın suverenitet və müstəqilliyini tamamən itirən, kənardan idarə  olunan marionetka ölkəyə çevrilməsini, Konstitusiya və qanunların dinin tələblərinə "tam uyğunlaşdırılması"nı istəyir.

Nardaranı orta əsrlərə qaytarmağa çalışan, bu kəndi Səudiyyə Ərəbistanının hələ Hicaz olduğu dönəmlərdəki "kamali-ədəb"lə idarə etməyə və həmin məkanı Bakının yaxınlığındakı radikal dini anklava çevirmək istəyənlərin niyyəti bəlli idi: onlar Azərbaycanı "Şəriət qaydaları ilə idarə olunan ölkə"ə döndərmək, bu da alınmasa sifarişçilərinin planlarına uyğun "üzüyola, ələbaxan" dövlət etmək istəyirdilər.

Nardaran əhalisini aramsız etirazlara çağıraraq insanların ən kiçik məişət problemlərini belə siyasi sui-istifadə prinsiplərinə uyğun olaraq ümummilli problem səviyyəsinə qaldıranların, o cümlədən Taleh Bağırovun ölkədəki radikal müxalifətçilərlə ittifaqda olması da təsadüfi deyildi.
Nardaranlıları öz niyyətlərinə alət etməyə yönələnlər bu minvalla Qərbi qıcıqlaqdırmamaq, dindar kimi qələmə verilən radikalların əslində "demokratik düşüncəli" adamlar olduğunu göstərmək istəyirdilər. Halbuki Nardaran olayları xaricdən gəlmiş sifariş əsasında başladılmışdı və "haqlı etirazlar" da elə o sifarişçilərin buyruq qulları tərəfindən rejissura olunmuş hadisələr təsiri bağışlayırdı.

Demokrat kimi görünməyə çalışsa da...

Taleh Bağırov "müstəqil siyasətçi və demokrat insan" olduğunu deyir, amma Azərbaycan kənardakı radikal dindarlarla, bəlli dini qruplaşmalar və təriqətlərin, habelə "misba"ların liderləri ilə onun əlaqələri var, bu təmasları danmaq, gizlətmək mümkün də deyil.Çıxışlarında ölkədəki hakimiyyəti sürəkli olaraq "yezidi rejim, əməvilər" adlandıran Taleh Bağırov "fəaliyyətinin təhrif" olunduğunu deyir. Ölkədə qisasçılıq ruhunun yayılmasına can atmaq, kütləvi itaətsizlik və iğtişaşlara çağırışlar, hakimiyyət mənsublarının hədələnməsi, "indiyədək susmuşuq, bundan sonra..." ifadələri ilə başlayan ultimatumlar, hədələr - bütün bunlar "Konstitusiya çərçivəsində fəaliyyət" sayıla bilərmi?
 

Hazırda məhkəməsi gedən və "günahsızam" deyən T.Bağırov Azərbaycanda vətəndaş müharibəsi yaratmaq, dini zəmində toqquşmalar burulğanı törətmək istəyənlərin siyasətində, bəlkə də ən sadəlövh fiqurlardan biridir. Onlar Azərbaycanı parçalamaq, məhv etmək istəyən güclərin əlində bilərəkdən və ya sövq-təbii olaraq alətə çevrilir, ölkəmizi hədəfə almış radikal islamçı ideoloqların ssenarilərində subyektlərə dönürlər. Yaşananlar göstərir ki, Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən radikallar və ekstremistləri şəbəkələşdirmək, onları aktivləşdirmək üçün aşkar cəhdlər göstərilir.

Radikallar son vaxtlar hədsiz dərəcədə cürətləniblər və bu "qətiyyət" heç bir halda daxili emosionallıq, hisslər məcmusu ilə izah oluna bilməz. Çünki Taleh Bağırov da daxil olmaqla, radikalların çıxışları, xütbə və moizələri, bəyanat və çağırışları indiyədək Azərbaycanda dini zəmində toqquşmalar yaratmaq, dövlət çevrilişini reallaşdırmaq istəyən güclərin fiqurları olmuş şəxslərin və təşkilatların səsləndirdikləri ifadələri, sanki, təkrarlayır. Azərbaycanda "qəflətən", zəruri və obyektiv zəmin olmadan "Hüseyniyyə" cərəyanının ifrat dərəcədə fəallaşması hadisələrin normal məcrasında olan hadisə deyil. Dövlətin əsaslarına, milli ideologiyanın təməllərinə qarşı yönələn ifadələr, aşkar itaətsizlik çağırışları və kütləvi aksiyalara səslənişlərin "daxili hisslərin təbəddülatı" sayılması baş verənləri çox səthi dəyərləndirmək olardı. Nədən ki, bu çağırışların əsasında din, irşad, hidayət və iman yox, siyasət durur. Özü də kənardan diqtə olunan, idarə edilən və ən başlıcası - "nəticə"lər barədə hesabat tələb olunan siyasət.

...Taleh Bağırov indi məhkəmədə hamını suçlayır, özünü haqlı, günahsız və munis insan kimi qələmə verir. Yəni onun məntiqinə görə, Nardan olaylarında real təhlükəyə çevrilmiş ekstremistlərin qarşısını alan və şəhid olan iki polis əməkdaşı "təsadüfən vəfat" ediblər, hakimiyyətə və dövlətə qarşı təhdidlər olmayıb, Taleh Bağırov da, sadəcə, surələri uca səslə oxuyaraq insanların dini biliklərini artırırmış.

Əcəba, Taleh Bağırov özü dedikərinə inanırmı? Ən azı ona görə ki, məlum olaylardan əvvəlki Nardaranla kəndin indiki durumu arasındakı fərqi görənlər bu sözlərə inanmaz. Nədən ki, fərq çoxdur: Nardaran normal həyata qayıdıb, insanların həyatını zəhərə döndərən, onları özlərinə alət etməyə çalışan bir dəstə ekstremistdən qurtulub.