"Çinin Azərbaycanla bağlı maraq dairəsi və əməkdaşlıq perspektivləri genişdir"

Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdi. Dövlətimizin başçısı burada dünyanın siyasi və iqtisadi elitalarının ən tanınmış nümayəndələri ilə görüşlər keçirib, Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi. Bu görüşlərdə eləcə də dövlətimizin başçısının Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanda görülən genişmiqyaslı, çoxşaxəli işlər, qlobal layihələr, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqət mərkəzində oldu. 

Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Çinlə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib: “Artıq 30 ildir davam edən Azərbaycan-Çin əlaqələri bizim etibarlı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu sübut edir. Bugünkü inkişaf göstəriciləri gələcək münasibətlərimizin sağlam təməllər üzərində qurulduğunu göstərir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Möhkəm siyasi platforma ilə yanaşı, Çinlə iqtisadi əməkdaşlığımız uğurlu və hər iki ölkənin və xalqlarımızın maraqlarına uyğun şəkildə qurulur”.

Ümumiyyətlə, Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edirdi. Müsahibə zamanı ölkə başçısına ünvanlanan suallardan da aydın oldu ki, Çinin bizimlə bağlı maraq dairəsi və əməkdaşlıq perspektivləri genişdir. Müsahibənin əvvəlində dövlətimizin başçısına Çinin “Bir kəmər, bir yol” layihəsi barədə sual verilməsi isə bu ölkənin əsas maraq dairəsini göstərir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək yolu iqtisadi kəməri”nin yaradılma­sının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanması da həmin layihənin gerçəkləşməsində önəmli rol oynayır.

Bu gün Azərbaycanın müəllifi oldu­ğu Bakı – Tbilisi – Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək yolu iqtisadi kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz üçün bu nəqliyyat marşrut­ları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.

Nəqliyyat layihələrinin reallaşdırılması nəticəsində iqtisa­diyyatımız günü – gündən şaxələnir və neft-qaz gəlirlərindən asılılıq azalır. Məhz buna görədir ki, ötən il Azərbaycan ərazisindən tranzit da­şımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə deyil, eyni zaman­da, səmərəli idarəetmə nəticəsində gerçəkləşib. Dövlət başçısının da qeyd etdiyi kimi biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq: “Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq”. Beləliklə, Azərbaycan vahid tarif sahəsində də ədalətli mövqe tutmaqla fəal rol oynayır. 
 

Anar Məmmədov

Milli Məclisin deputatı