Putin: Qarabağ münaqişəsinin tərəfləri öz aralarında razılığa gəlməlidirlər

Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır, Moskva problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə hazırdır.

Sabahinfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə AZƏRTAC informasiya agentliyinə verdiyi müsahibəsində bildirib. 

"Xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir”, - Putin bəyan edib. 

Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşdüyünü vurğulayıb. 

"Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.

Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”, - Putin bəyan edib. 

O xatırladıb ki, Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. 

"Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Bunun üçün nə mümkündürsə edirik”, - Rusiya prezdienti bəyan edib. 

"Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq”, - Putin qeyd edib.