1 qol Çelsiyə kubok qazandırdı

Mayın 29-da UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçında İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları qarşılaşıblar. Modern.az xəbər verir ki, 66-cı dəfə keçirilən qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü Portu şəhərindəki “Draqao” stadionunda oynanılıb. Matçda hesabı 42-ci dəqiqədə "Çelsi" açıb. Belə ki, qapıçı Eduard Mendinin zərbəsindən sonra Ben Çilvels bir toxunuşla topu ön xətdəki komanda yoldaşı Kay Havertzə ötürüb. Rəqib qapıçını keçən hücumçu topu boş qapıya göndərməkdə çətinlik çəkməyib – 1:0.

Matç elə bu hesabla da başa çatıb.

Bu qələbədən sonra “Çelsi” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, bu matç son əlli ildə komandaların avrokuboklarda ilk qarşılaşması olub. Komandalar ilk dəfə bu turnirin 1970-1971-ci il mövsümündə (həmin dövrdə yarış UEFA Kuboklar Kuboku adlandırılırdı) yarımfinalında üz-üzə gəliblər. “Çelsi” hər iki oyunda minimal hesabla qalib gəlib. Tomas Tuxelin yetirmələri 2012-ci ildən sonra ikinci dəfə UEFA Çempionlar Liqasının kubokunu başları üzərinə qaldırıb. “Mançester Siti” isə qalib gəlsə idi bu turnirin çempionu adını qazanmış 23-cü klub olacaqdı. “Şəhərlilər” ilk final həyəcanını 1969-1970-ci il mövsümündə yaşayıblar. Komanda həlledici görüşdə Polşanın “Qornik Zabrze” klubunu 2:1 hesabı ilə məğlub edərək qalib adını qazanıb.

“Çelsi” indiyədək iki dəfə - 2008-ci və 2012-ci illərdə UEFA Çempionlar Liqasının finalında çıxış edib. Hər iki oyunda da qalib 11 metrlik cərimə zərbələri seriyası nəticəsində müəyyənləşib. Birinci final görüşündə “Mançester Yunayted”ə uduzan (1:1, pen. 5:6) “Çelsi” dörd il sonra “Bavariya”nı (1:1, pen. 4:3) məğlub edərək ilk çempionluğunu yaşayıb.

Bu matç, həmçinin 2000-ci ildən etibarən eyni ölkənin klubları arasında oynanılan səkkizinci final matçıdır. Belə ki, UEFA Çempionlar Liqasının tarixində eyni ölkənin komandaları ilk dəfə 2000-ci ildə qarşılaşıb. Həmin görüşdə “Real Madrid” komandası “Valensiya”nın qapısından üç cavabsız top keçirmişdi. “Kral klubu” daha sonra iki dəfə - 2014-cü və 2016-cı illərdə finalda “Atletiko Madrid”ə qalib gəlib. 2003-cü ildə “Milan” komandası “Yuventus”u, 2008-ci ildə “Mançester Yunayted” klubu “Çelsi”ni, beş il sonra “Bavariya” komandası “Borussiya Dortmund”u məğlubiyyətə uğradaraq çempion adını qazanıblar. 2019-cu ildə isə “Liverpul” finalda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.

 

Xosep Qvardiola “Barselona”nın çalışdırıcısı kimi 2009-cu və 2011-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub. Onun komandası bu görüşdə də qələbə qazansa idi, təcrübəli baş məşqçi iki fərqli komandada bu kuboka sahib olan altıncı çalışdırıcı kimi tarixə düşəcəkdi. Daha əvvəl Ernst Happel, Otmar Hitzfeld, Joze Mourinyo, Yupp Heynkes və Karlo Ançelotti bu uğura nail olublar.

 

Tomas Tuxel ötən mövsüm “Paris Sen-Jermen”in sükanı arxasında finala vəsiqə qazansa da, komandası “Bavariya”ya minimal hesabla məğlub olub. O, ardıcıl iki mövsümdə müxtəlif komandalarla finalda çıxış etmiş ilk baş məşqçidir.

 

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb.