Heç kəsə sirr deyil ki, 1992-1993-cü illərdə Azərbaycan böyük təhlükə qarşısında idi. Azərbaycanın müstəqilliyinə qarşı olan daxili və xarici qüvvələr birləşərək dövlətimizi var olmaq təhlükəsi qarşısında qoymuşdular. Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində ölkəmizin zəifləməsi, həmçinin daxildə hakimiyyət çəkişməsi cəmiyyətdə dövlətimizə qarşı böyük inamsızlıq yaratmışdı. Nəticədə 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələr bir ildən sonra xalq tərəfindən hakimiyyətdən salındı. Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Ümummilli liderimiz Heydər Əliyevə qarşı çirkin kampaniya aparır, onu gözdən salmağa çalışır və xalqın israrlı tələbini yerindəcə boğmaq istəyirdilər.
1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Ölkədə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Bu gün Heydər Əliyevin adı hər yerdə dərin ehtiramla anılır, ona sonsuz məhəbbət bəslənilir. Milli xilaskarımız olan mərhum liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki siyasi lider tərəfindən həyata keçirilən azərbaycançılıq ideologiyası bu gün vətənpərvər, dövlətə, millətə bağlı, eyni zamanda savadlı gəncliyin yetişməsinə səbəb olub. Həmin gənclik ki, Ali Baş Komandanın ətrafında sıx birləşərək onun əmrinə qeyd-şərtsiz əməl edərək Qarabağımızı 30 illik erməni işğalından azad etdilər.
15 iyun Qurtuluş günü və bizə zəfər qazandıran 44 günlük Vətən Müharibəsi arasında məntiqi bağlılıq mövcuddur. Əgər mərhum liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəlməsəydi, dövlətə rəhbərlik etməsəydi, biz nəyinki Qarabağdan birdəfəlik məhrum olacaqdıq, bəlkə də müstəqil Azərbaycanda yaşamayacaqdıq.
Mən bir daha 15 İyun Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı