2 fevral - Azərbaycan Gəncləri Günü

Ümummilli lider Heydər Əliyev: Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Mən Azərbaycan gənci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi kimi bu diqqət və qayğını hər zaman hiss etmişəm.

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır. Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin daha bir sübutudur. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Osman Azad oğlu Əhmədzadə