3 Oktyabr: Azərbaycanın formal müstəqillikdən real dövlətə çevrildiyi tarix 

Azərbaycanın müstəqil dövlət quruculuğunun əsl başlanğıcını 3 oktyabr 1993-cü ildən hesab etmək mümkündür. Çünki 1991-ci ildə müstəqilliyimizi elan etsək də, həmin müstəqilliyin real dövlət institutlarına, siyasi sabitliyə, milli həmrəyliyə və iqtisadi dayaqlara söykənən dövlət modelinə çevrilməsi məhz 1993-cü ildən sonra mümkün oldu. Başqa sözlə, 1991-ci il müstəqilliyin elan edilməsi idisə, 3 oktyabr Azərbaycanın müstəqil dövlət kimi ayağa qalxmasının siyasi başlanğıcı oldu. 1993-cü il Azərbaycanın ən ağır sınaqlardan keçdiyi dövr idi. Ölkə müharibə şəraitində idi, ərazilər işğal olunmuşdu, separatizm təhlükəsi mövcud idi, siyasi böhran və hakimiyyət qarşıdurması dövlət institutlarının fəaliyyətini iflic etmək həddinə çatmışdı. Azərbaycan hətta dövlət kimi mövcudluğunu qorumaq təhlükəsi ilə üz-üzə idi. Belə bir şəraitdə 3 oktyabr prezident seçkiləri sadəcə hakimiyyət dəyişikliyi deyildi. Bu, dövlətin xilas edilməsi və siyasi legitimliyin bərpası üçün dönüş nöqtəsi idi. Həmin seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək Heydər Əliyevi prezident seçdi. Rəsmi nəticələrə görə, seçicilərin 98,8 faizi onun namizədliyinə səs verdi. Bu nəticə o dövrün siyasi reallığında Heydər Əliyevin cəmiyyətin böyük hissəsi tərəfindən dövlətçilik böhranından çıxış yolu kimi qəbul edildiyini göstərirdi. Əsas məsələ isə bundan sonra başlanırdı: dağılmaq təhlükəsi ilə üz-üzə olan dövləti işlək dövlət mexanizminə çevirmək. Heydər Əliyevin qarşısında ilk vəzifə dövlətin funksionallığını bərpa etmək idi. Dövlətin vətəndaşa münasibətdə nüfuzunu yenidən yaratmaq, vətəndaşın dövlətə inamını formalaşdırmaq, müxtəlif siyasi və ictimai qrupları vahid dövlət ideyası ətrafında birləşdirmək lazım idi. Bu, təkcə siyasi idarəetmə məsələsi deyildi. Söhbət cəmiyyətin dövlətlə münasibətinin yenidən qurulmasından gedirdi. Ən böyük problemlərdən biri isə ictimai şüurda milli dövlət identikliyinin möhkəmləndirilməsi idi. Ölkədə müxtəlif separatçılıq meylləri mövcud idi, cəmiyyət parçalanma riski ilə qarşı-qarşıya idi. Heydər Əliyevin “Müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının milli sərvətidir” fikri məhz bu baxımdan xüsusi siyasi məna daşıyırdı. Dövlətin kiməsə deyil, bütün Azərbaycan xalqına məxsus olması ideyası ümummilli həmrəyliyin əsas siyasi tezislərindən birinə çevrildi. Sonrakı mərhələ dövlətçiliyin hüquqi və iqtisadi dayaqlarının yaradılması oldu. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi yeni dövlət sisteminin hüquqi əsaslarını formalaşdırdı. Paralel olaraq siyasi sabitliyin möhkəmləndirilməsi və iqtisadi islahatların aparılması Azərbaycanı böhran mərhələsindən çıxarıb quruculuq mərhələsinə gətirdi. Bu prosesdə 1994-cü il “Əsrin müqaviləsi” xüsusi əhəmiyyət daşıdı. Neft müqaviləsi yalnız iqtisadi saziş deyildi. O, Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi, ölkəyə böyük investisiyaların gəlməsi üçün zəmin yaratdı və gələcək inkişaf strategiyasının maliyyə əsaslarının formalaşmasına mühüm töhfə verdi. Beləliklə, siyasi sabitliklə iqtisadi inkişaf arasında yeni bir dövlətçilik modeli qurulmağa başladı. Ən mühüm nəticə isə Azərbaycanın dövlət kimi özünəinamını bərpa etməsi oldu. 1990-cı illərin əvvəllərində siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan tədricən sabit, idarəolunan və inkişaf edən dövlətə çevrildi. Separatizm, siyasi xaos və dövlətçilik böhranı mərhələsi geridə qaldı. Bu mənada Heydər Əliyevin dövlətçilik siyasətinin əsas tarixi nəticəsi yalnız hakimiyyətin sabitləşdirilməsi deyil, müstəqil Azərbaycanın davamlı dövlət kimi qurulması oldu. Bu təməllər sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirildi. Güclü iqtisadi baza böyük hərbi imkanların yaradılmasına şərait yaratdı. Azərbaycan müasir ordu qurdu, müdafiə qabiliyyətini artırdı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirdi və çoxvektorlu xarici siyasət yürüdərək beynəlxalq nüfuzunu genişləndirdi. Nəticədə vaxtilə öz ərazi bütövlüyünü qorumaqda çətinlik çəkən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi müstəvidə bərpa edə biləcək gücə çevrildi. 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsi bu dövlətçilik xəttinin nəticələrindən biri kimi qiymətləndirilə bilər. Başqa sözlə, 1993-cü ildə əsas vəzifə dövləti xilas etmək idisə, sonrakı mərhələdə vəzifə dövləti gücləndirmək, daha sonra isə ərazi bütövlüyünü və suverenliyi təmin etmək oldu. Bu baxımdan 3 oktyabr Azərbaycanın siyasi tarixində yalnız bir seçki tarixi deyil. 3 oktyabr dövlətin yenidən qurulmasının siyasi başlanğıcı, Heydər Əliyev dövlətçilik məktəbinin institusional əsasının qoyulduğu tarix kimi xarakterizə oluna bilər. 1991-ci ildə elan edilmiş müstəqilliyin qorunması, möhkəmləndirilməsi və real dövlət gücünə çevrilməsi məhz bu mərhələdən etibarən sistemli xarakter aldı. Bu gün Azərbaycan torpaqlarını itirmiş, müharibənin ağır nəticələri ilə üzləşmiş, separatizm və parçalanma təhlükəsi yaşayan ölkədən ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş, regional və beynəlxalq proseslərdə öz sözünü deyən dövlətə çevrilibsə, bu yolun siyasi təməllərində 3 oktyabr 1993-cü il dayanır. Ona görə də 3 oktyabrın mahiyyətini bir cümlə ilə ifadə etmək mümkündür: 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi, 3 oktyabr 1993-cü ildən isə bu müstəqilliyi qoruyacaq və gələcəkdə onu gücə çevirəcək dövlət quruculuğu mərhələsi başladı. Bu yol Heydər Əliyevin dövlətçilik irsi ilə formalaşdı, İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəldi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə tarixi nəticəsini ortaya qoydu. Azərbaycan var olduqca onun dövlətçilik tarixində 3 oktyabrın yeri də qalacaq. Çünki bu tarix müstəqilliyin elanından dövlətin möhkəmləndirilməsinə gedən yolun başlanğıc nöqtələrindən biridir. İltizam Yusifov Milli Məclisin VI çağırış deputatı