Sabahinfo.az saytı Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin müsahibəsini təqdim edir.
-Eldar müəllim 3 oktaybr 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Prezdidenti seçildi. Bu tarixi hadisə ilə bağlı nə deyə bilərsiniz?
-İkinci dəfə öz müstəqilliyini bərpa edən Azərbaycan 90-cı illərin əvvələrində çox böyük çətinliklərə üzləşmişdi. Xalqımız tarixinin ağrılı günlərini yaşayırdı. Ölkədə dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistanın torpaqlarımızı işğal etməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Böyük risklərə baxmayaraq, Ulu öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. 3 oktaybr 1993-cü ildə keçirilən ümumxalq səsverməsində Ümummilli lider Heydər Əliyev Azərbaycan prezidenti seçildi. Mən bu hadisənin canlı şahidiyəm. Proseslərdə yaxından iştirak edirdim. O zaman, xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Həm iqtisadi çətinlik, həm ölkə daxilində hərbi qarşıdurmalar var idi deyə ölkədə vəziyyət həddindən artıq çətin idi. Bakı kəndlərində o zaman ağsaqqallarla birgə biz vətəndaşlar arasında təbliğat aparırdıq. 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi pluralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Əlbəttə, bunların heç biri asan başa gəlmədi. Bu tərəqqini qısqanclıqla qarşılayan bəzi daxili və xarici qüvvələr ümummilli liderimizə sui-qəsdlər etməkdən belə çəkinmirdilər.
-Eldar müəllim o dövr üçün dövlət quruculuğunun formalaşmasında, demokratik dəyərlərin qorunmasında atılan addımları necə dəyərləndirərdiniz?
-Ulu öndər dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi.
-İqtisadi islahatlar Azərbaycanın qüdrətlənməsinə səbəb oldu...
-Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus düha idi . Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür. Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.
Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi.
Həmin illərdə bir çox çətinliklər bahasına Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını böyük hadisə adlandırmaq olar. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Müstəqil dövlətin gənc ordusu məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi sayəsində formalaşmağa başladı.
Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda «Əsrin müqaviləsi» kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir.
Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. Bu gün Ulu öndər Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək regional və qlobal miqyasda söz sahibi olan aparıcı dövlətə çevrilib.
Ədil Ədilzadə
SABAHİNFO.AZ