"Son iki mövsümü titulsuz keçirdim. Ancaq bu müddət mənə 20 il kimi gəldi. 52 yaşında olsam da, uşaq kimi sevinirdim. Sanki karyeramda ilk kubokumu qazanmışam". Bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Liqa kubokunun finalında "Tottenhem"ə qalib gəldikləri oyundan sonra deyib. "The Guardian" qəzetinə danışan portuqaliyalı mütəxəssis kuboksuz yaşamağın onun üçün çətin olduğunu bildirib: "Komandanı yenidən qurmalı olduğumu bilirdim və bununla məşğul idim. Bizim üçün çətin oyun oldu. "Tottenhem" də qalib gələ bilərdi. Bu, mənim və komanda üçün vacib qələbədir. Mənə kuboksuz yaşamaq çətindir".
Qeyd edək ki, İngiltərə Liqa kubokunun finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələn "Çelsi" fəxri mükafata sahib çıxıb. "Zadəganlar" bu kuboku sonuncu dəfə 2007-ci ildə qazanıb.