“Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir. Hər il də bunu aidiyyəti dövlət qurumları normadan artıq yağan yağıntılara bağlayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Amma, sual olunur ki, normadan artıq yağan yağıntı küçələrdə üç saat, lap 10 saat qalsın və sonra axıb getsin. Amma, küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür. Demək ki, bu, tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil.
Dünənki yağıntı da sübut etdi ki, 4-5 saat güclü leysan yağsa, bizi kürüyüb Xəzərə tökər. Hərçənd ki, 2016-cı ildə yağış suları ilə mübarizə üçün dövlət səviyyəsində işçi qrup yaradılmışdı. Həmin işçi qrup və ya onların varisi gördüyü işləri açıqlasa, biz də rahat olardıq. 2003-cü ildən bu günə qədər 3.5-4 milyard manata yaxın vəsait ayrılıb. O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı”, - R.Nurullayev bildirib.