2023-cü ildə Azərbaycanda 90 bazar subyektində bir sıra mal və yaxud xidmətinin reklamı zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Sabahinfo.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ən çox qanun pozuntusu tibbi xidmətlər və dərman vasitələrinin reklamı zamanı olub: "Ötən il 20 belə qanun pozuntusu aşkarlanıb. Bank xidmətlərinin reklamı zamanı 15, alkoqollu içkilərin reklamı zamanı 13, turizm xidmətlərinin reklamı zamanı 11, bioloji fəallığa malik qida əlaqələrinin reklamı zamanı 9, sığorta sahəsində isə 6 qanun pozuntusu aşkar edilib".