UNFCCC COP-ları siyasi platforma deyil. Burada iqlim dəyişmələrinin planetimizə vurduğu ziyan müzakirə edilərək həlledici qərarlar qəbul edilir. İlk dəfə COP-un siyasiləşdirilməsinə cəhdlər edilir. Niyə iqlim dəyişmələri ilə mübarizəyə dair ən böyük tədbir olan COP indiyədək bir dəfə də olsun ABŞ-da keçirilməyib? ABŞ-ın karbon emissiyalarının həcminə görə tarixi məsuliyyəti 430 milyard tondan çoxdur. Bu, dünyada ən yüksək göstəricidir. Faktdır ki, ABŞ dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasında liderlik edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında “tarixi məsuliyyət” termini sənayeləşmə başlayandan sonrakı (1750-ci ildən indiyə qədər) dövrdə ölkələr tərəfindən atılan tullantıların miqdarını nəzərdə tutur və buna görə də hər bir dövlətin tarixi məsuliyyəti müəyyənləşdirilir. Bəşəriyyətin dırnaqarası qayğısını çəkən konqresmenlər bu təsirləri azaltmaq üçün proqram layihələri ilə çıxış edə bilərlər.
Dünyada neft istehsalına görə birinci yeri ABŞ tutur. ABŞ gündəlik 13 milyon barrel neft hasil edərək dünyada istehsal olunan neftin həcmində təxminən 15%-lik paya malikdir. Bura ABŞ şirkətlərinin xarici ölkələrdə hasil etdikləri neft daxil deyil.
Dünyada ən böyük kömür istehsalçısı da ABŞ-dır. Dünyada iqlim dəyişmələri böhranın yaranmasında kömür ən çirkli yanacaq növü kimi müstəsna paya malikdir və istilik effekti yaradan qaz emissiyaları ən çox kömürün istehsalı, saxlanması, daşınması və yandırılması proseslərindən atılır. Təəssüflə qeyd edilməlidir ki, bəşəriyyət qarşısında böyük tarixi məsuliyyət daşıyan ABŞ-da hələ də kömürdən yanacaq kimi istifadə edilir. ABŞ tarixən ən böyük kömür istehsal edən ölkə olub. 2022-ci ildə ABŞ ildə 540 milyon ton kömür istehsal edərək dünyada 4-cü yeri tutub. Azərbaycanda isə tarixən kömür istehsal edilməyib. 10 ildən çoxdur ki, Azərbaycanda mazutdan da istifadə demək olar ki, sıfıra enib.
ABŞ iqlim maliyyəsinin artırılmasında maraqlı deyil. Ümumi Daxili Məhsulunun adambaşına düşən payına görə Avropa İttifaqı ölkələri və digər inkişaf etmiş dövlətlərlə müqayisədə iqlim dəyişmələrinə qarşı tədbirlərə ABŞ-ın daha az maliyyə ayırmasının səbəbi niyə senatorlar tərəfindən sorğulanmır?! ABŞ beynəlxalq iqlim konvensiyalarının tələblərini yerinə yetirmir. Digər inkişaf etmiş ölkələrlə birlikdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə qarşı mübarizə üçün maliyyə və texniki dəstək göstərilməsi üzrə beynəlxalq öhdəliklər heç 10%-i yerinə yetirmir. Rəsmi ABŞ iqlim dəyişmələrinin elmi əsasının olmadığını dəfələrlə vurğulayıb, iqlim aktivistlərini susdurub və hazırda qlobal iqlim aktivistlərinin ən çox qəzəbli olduğu ölkə ABŞ-dır. Hətta ABŞ iqlim maliyyəsinin toplanmasını tələb edən Paris Sazişini 2015-ci ildə imzalamaq istəməyən tərəfdir və “el qınağına” düşməmək üçün imzalayıb, bir qədər sonra bu Sazişdən çıxıb.
Arazdəyəndə tikiləcək zavodu elə maliyyələşdirən ABŞ şirkəti idi. Məhz ABŞ şirkətinin investisiyası ilə Azərbaycanla sərhəd yaxınlığında, Arazdəyən ərazisində beynəlxalq ekoloji normaları, o cümlədən Espoo Konvensiyasını pozaraq metallurgiya zavodu inşa edilirdi. Bu gün də Azərbaycanın transsərhəd çayları Ermənistanın qanunsuz dağ-mədən fəaliyyəti nəticəsində yaranan ekoloji fəsadlarla üzləşir, lakin hələ də bu məsələyə dair ABŞ konqresmenlərinin etirazını eşitməmişik.
COP29-a Bakının evsahibliyi yekdilliklə qəbul edilib. OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beynəlxalq ictimaiyyət yekdilliklə COP29-a evsahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi həm də Azərbaycanın yaşıl enerji siyasətinə dünyanın münasibəti və rəğbətidir.
Biz, 7-ci çağırış Milli Məclisin 43 deputatı ilə birgə Azərbaycan respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova müraciət edib ABŞ-la ölkəmiz arasında münasibətləri yenidən nəzərdən keçirməyi xahiş edirik. Ölkəmiz ikili beynəlxalq münasibətlərdə hər zaman etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış edib, öz mövqeyini ortaya qoyub. ABŞ-ın ölkəmizə qarşı qərəzli və riyakar davranışları beynəlxalq münasibətlər sistemində qəbuledilməzdir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı