Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hesabat konfransı keçirib. SİA-nın məlumatına görə, 2014-cü ilin yekunlarına həsr olanan hesabat konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyanın baş katibi Elxan Məmmədov, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund, dövlət nümayəndələri və futbol ictimaiyyəti iştirak edib. Öncə Azərbaycan futbolunun inkişafına həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edən AFFA-nın prezidenti R. Abdullayev hesabat dövründə Azərbaycan futbolunun inkişafında mühüm hadisələr baş verdiyini qeyd edib: "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” uğurla icra olunub. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin futbol ictimaiyyəti qarşısına qoyduğu işlərin çoxu həyata keçirilib. UEFA İcraiyyə Komitəsinin qərarı ilə AVRO-2020-nin final mərhələsinin üç qrup, bir 1/4 final qarşılaşması Bakıda keçiriləcək. Azərbaycan həmişə olduğu kimi bu möhtəşəm idman tədbirlərini də uğurla təşkil edəcək”.
AFFA-nın baş katibi Elxan Məmmədov futbolun dünyada ən böyük, ən sevilən və ən müzakirə olunan idman növü olduğunu deyib. O, yalnız uğurlardan yox problemlərdən də danışmaq və bunu həll etmək üçün səy göstərmək lazım olduğunu qeyd edib: "2014-cü ildə əsas milli komandamız bizi təəssüfləndirdi və reytinqdə gerilədi. Ancaq aşağı yaş qruplarında olan komandalarımız hər kəsi sevindirdi. U-19 və U-17 yığmamız Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazandı.
Ölkəmizdə "Mançester Yunayted” futbol məktəbi fəaliyyətə başladı. U-10 Liqası yaradıldı. Burada 1053 uşaq davamlı şəkildə oynayır, 113 məşqçi və 11 adminstrativ heyət çalışır. "Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
Bakı AVRO-2020-nin final mərhələsinin üç qrup, bir 1/4 final qarşılaşmasına ev sahibliyi edəcək”.
2014-cü ildə AFFA-nın keçirdiyi tədbirlərin hesabat videoçarxı nümayiş edilib.
Daha sonra 2014-cü ilin maliyyə hesabatı oxunub. Bildirilib ki, 2014-cü ildə AFFA-nın maliyyələşmə və gəlirləri ümumilikdə 22 790 150.00 AZN olub.
Hesabatda yeni investisiyalar və infrastruktura aid gəlirlər nəzərdə tutulmayıb. "Şəfa” Stadionunun ümumi satışınının dəyəri - 4 250 000.00 AZN olub ki, satışdan gələn gəlirin 2014-cü ilə düşən hissəsi 3 245 000.00 AZN-dir.
Ümumilikdə 21 674 774.00 AZN xərclənib.
Müstəqil audit Babək Məmmədov maliyyə hesabatının yoxlanaraq təsdiq edildiyini bildirib.
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yeni təsis olunmuş komitə, fəaliyyəti və yaradılmış şərait barədə məlumat verib.
UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund AFFA-nın fəaliyyətini diqqətlə izlədiyini qeyd edib. O, ölkəmizdə futbol sahəsində həyata keçirilən işlərdən razılığını ifadə edib.
Sonda AFFA-nın İcraiyyə Komitəsində 2 vakant yerə Peşəkar Futbol Liqasının təklifi ilə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təklifi ilə təhsil nazirinin müavini Firudin Qurbanovun namizədliyinin irəli sürülməsi, AFFA-nın tərkibində yeni komitə - Appelyasiya və Arbitraj Komitəsinin yaradılması səsə qoyulub və qəbul olunub.
Qeyd edək ki, 2005-2015-ci illərdə AFFA-nın fəaliyyət hesabatı barədə kitab çap olunub və bütün tədbir iştirakçılarına təqdim olunub.