Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AYNA Qadınların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Aqrar sahibkarlıqda keçmiş məcburi köçkün qadınların rolu” layihəsi uğurla yekunlaşıb.
QHT.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində keçmiş məcburi köçkün qadınlar üçün aqrar sahəyə dövlət dəstəyi, aqrar sahibkarlıq və biznes mövzularında geniş məlumat verən təlimlər təşkil edilib. Təlimlərdə iştirakçılara suallarını cavablandırmaq və aqrar sahibkarlıq sahəsində biliklərini artırmaq imkanı yaradılıb. Layihənin məqsədi aqrar sahədə çalışan keçmiş məcburi köçkün qadınların iqtisadi potensialını artırmaq, ölkədə yoxsulluğun aradan qaldırılmasına və sosial bərabərliyin təmin olunmasına töhfə verməkdir. Layihə rəhbəri Ofelya Əliyevadır.
Layihə çərçivəsində Gəncə, Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən keçmiş məcburi köçkün qadınlar üçün biznes bələdçi rolunu oynayacaq kitabça hazırlanıb və iştirakçılara təqdim edilib. Eyni zamanda, biznes təlimlər keçirilərək qadınlara aqrar sahədə fəaliyyətlərini inkişaf etdirməkdə dəstək olunub. Bu təşəbbüs keçmiş məcburi köçkün qadınların aqrar sahədə daha müstəqil və təsirli rol oynamasına yardımçı olmaqla ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.