Azər Badamov: "İcazəsiz mitinq keçirənlər cəzalandırılmalıdır"

“Mitinqlərin keçirilmə qaydaları qanunla təsbit olunub. Kimsə icazəsiz mitinq keçirirsə, bu, qanun pozuntusudur və qanunla həmin şəxslər cəzalandırılmalıdırlar. Çünki bütün mitinqlər, aksiyalar müvafiq qurumlarla razılaşdırılmış yerlərdə keçirilməlidir. Bu da ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Milli Şuranın Nazirlər Kabinetinin qarşısında keçirməyi planlaşdırdığı mitinq guya quru sərhədlərin bağlanmasına görədir. Əvvəla quru sərhədlərin açılması Milli Şura üçün o qədər də maraqlı məsələ deyil. Onlar, sadəcə, camaatın zəif nöqtəsindən istifadə edərək mitinq üçün mövzu yaratmaq istəyirlər. Məgər Milli Şuranın üzvləri üçün quru sərhədlər belə maraqlıdır? Bu, bir az gülməli səslənir. Çünki onlar üçün nə quru sərhəddən keçmək lazımdır, nə quru sərhədlə gəlmək... Xalqın da quru sərhəddən keçib-keçməməsi heç də onlar üçün önəmli deyil, necə ki heç vaxt önəmli olmayıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Milli Şura quru sərhədlərlə bağlı məsələni mövzu edib ortaya ataraq ictimai asayişi pozmağa cəhd göstərir: “Təbii ki, bu, radikal fikirlərin ifadəsidir. Milli Şuranın bu mitinqinə qoşulan olamayacaq. Mitinqdə onların öz ətrafları, qohum-əqrəbaları, yaxınları olacaq. Belə bir mitinqin keçirilməsinə yol verilməməlidir. Dediyim kimi, ancaq icazə verilən yerlərdə mitinq keçirilə bilər. Milli Şura deyilən bir qurum varsa və o, mitinq keçirmək istəyirsə, müvafiq qurumlara müraciət etməli, icazəsini almalıdır. İcazə verilən yerdə fikirlərini ifadə edə bilərlər”.