Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Əldə edilən nəticələr onu deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyaya rəsmi səfərinin hər iki ölkənin əməkdaşlıqları üçün daha böyük potensialın olduğunu bir daha təsdiq etdi.
Ölkə başçısı cənab İlham Əliyev səfər zamanı Almaniyada mətbuat konfransında çıxış edərək Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəlli olduğunu diqqətə çatdırıb: “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən biridir. Nəzərə alsaq ki, Avropada təbii qaza olan tələbat ilbəil artır Azərbaycan etibarlı təbii qaz təchizatçısı kimi öz mövqeyini daha da gücləndirir. Dövlət başçısı cənab İlham Əliyev konfrans zamanı Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığının əhəmiyyətindən danışaraq bildirmişdir: “Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik”.
Ölkə başçısı Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu diqqətə çatdıraraq bu tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyətin Azərbaycana, o cümlədən yaşıl enerji sahəsindəki görülən işlərə hörmətinin əlaməti olduğunu qeyd etmişdir.
Ümumilikdə, Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Azərbaycan istər COP29-a qədərki, istərsə də COP29-dan sonrakı dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verməyə davam edəcək.
Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim