Dünya siyasi arxitekturasının yenidən formalaşdığı bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə qlobal düzəndə baş verən proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır, digər dövlətlərlə iqtisadi-siyasi münasibətlərin tənzimlənməsi işini həyata keçirir.
Beynəlxalq təşkilatların bir sıra məsələlərin həllini yalnız sülhdə, dialoqda gördüklərinə baxmayaraq, son dönəmlərə real təcrübədə iqtisadi dayanıqlılığı, geniş hərbi-siyasi imkanları olan dövlətlərin daha çox söz sahibi olduğunu görürük. Yeni çoxqütblü dünya düzənində son zamanlarda siyasi iradəsi ilə daha vacib rol oynamağa başlayan
Çin Xalq Respublikası artıq bəzi regionlarda mövqeyini möhkəmləndirməyə, yeni əməkdaşlıq perspektivləri yaratmağa nail olub.
Azərbaycanın öz növbəsində Çinlə dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən dinamikası və inkişafından yaxşı xəbərdar olduğu Çinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bu təmaslar müstəqillik illərində də uğurla davam etdirilib.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib, məhz Ümummilli Liderin Çinə səfərləri, Çin rəhbərləri ilə görüşləri gələcək əmdaşlığımızın əsasını qoyub.
1994-cü il 7-10 mart tarixlərində Ulu Öndər Çinə ilk rəsmi səfəri çərçivəsində Sədr Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, eyni zamanda səkkiz müqavilə, o cümlədən hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.
Uğurla formalaşan münasibətlər Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 20 ildə daha da möhkəmləndi. Azərbaycan Prezidentinin 2005-ci ildən başlayaraq Çinə bir sıra səfərləri baş tutub. Lakin, Prezident İlham Əliyevin 22-24 aprel 2025-ci il tarixlərində Çin Xalq Respublikasına dövlət səfərini iki ölkə arasında əməkdaşlığın mühüm tarixi kimi adlandırmaq olar.
Belə ki, Çin Xalq Respublikasının Sədri ilə ikitərəfli və geniş tərkibdə keçirilən görüşlərin nəticəsində özündə 18 bəndi ehtiva edən Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın imzalanması Cənubi Qafqazın lider dövləti olan Azərbaycan üçün bir sıra dövlətlərlə də gələcək əməkdaşlığın genişləndirilməsi perspektivini ortaya qoydu. Xüsusilə, iki ölkə arasında viza rejiminin ləğv olunmasına dair razılığın əldə edilməsi qarşılıqlı dostluq və hörmətə əsaslanan münasibətlərin bundan sonra da davamlı inkişafına olan ümidləri artırır.
Səfər çərçivəsində dövlət başçısının “China Global Television Network” televiziya kanalına verdiyi müsahibə zamanı vurğuladığı kimi, “Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür.”
Həmin müsahibədə Prezident İlham Əliyev müasir tariximizdə Çinlə əməkdaşlığın bütün aspektlərinə toxunaraq, istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar sahələrlə bağlı çoxmilyonluq aiditoriyanı maraqlandıran bir sıra məqamlara aydınlıq gətirdi.
Qeyd edim ki, Çin son 10 ildə Avrasiya regionunda, eləcə də dünyada yeni reallıq yaratmağa nail olub. Azərbaycan da bütün dünya ilə qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin dərinləşməsinə, dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq yeni-yeni istiqamətlərin müəyyən olunmasına çalışır, eyni zamanda istər ölkəyə investisiya axınının cəlb olunması, istərsə də sərmayə qoyuluşu istiqamətində fəaliyyət göstərir.
Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri istiqamətində böyük logistik imkanlara malikdir və enerji resurslarının etibarlı təminatçısı olmaqda, habelə ticari dövriyyənin artımında daha da maraqlıdır. Bu fəaliyyət günü-gündən dərinləşir, zənginləşir.
Ölkəmiz, eyni zamanda, 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn, Çin Xalq Respublikası tərəfindən elan olunan alternativ “Bir kəmər, bir yol” layihəsinə qoşulub. Layihə çərçivəsində məhsulların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün yeni ticarət dəhlizi yaradılıb.
Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Beləliklə, Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərməkdədir. Azərbaycanın həm dost ölkələrlə qurduğu ikitərəfli iqtisadi-siyasi münasibətlər, həm də təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi əzmkarlıq, həmrəylik, müttəfiqlik istər ölkəmiz, region, istərsə də bütövlükdə Avrasiya qitəsi üçün əhəmiyyətə malikdir.
Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin Azərbaycanın çoxvektorlu xarici siyasətində müəyyən etdiyi istiqamət düzgün gələcəyə hədəflənir, Avrasiya ölkələri, xüsusilə Çin Xalq Respublikası ilə iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da dərinləşəcəyini göstərir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı