20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun sayca 55-ci toplantısı keçirildi. Forum işini başa çatdırsa da əhəmiyyəti bu gün ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir, Forum məqsəd və məramı ilə yanaşı, dövrün çağırışlarına uyğun olaraq gündəmə gətirdiyi mövzu ilə diqqətdə olur. Dünya İqtisadi Forumu builki toplantısında “Ağıllı əsr üçün əməkdaşlıq” çağırışını etdi. Forumda beş əsas istiqamət müzakirə edildi ki, bunlardan biri dayanıqlı və güclü iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrinin necə müəyyən edilməsi oldu. Günümüzün reallığı budur ki, Azərbaycan dünyaya təkmil iqtisadi inkişaf modelini təqdim edir. Hər dövrün çağırışının yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın öz təbii resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkələri, xalqları daha da sıx birləşdirir, yeni körpülərin qurulmasını şərtləndirir. Dünyanın enerji xəritəsini yenidən tərtib edən bu layihələr regional əməkdaşlığın coğrafiyasının genişləndirilərək beynəlxalq miqyas alması ilə müşayiət olunur. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsini, etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan hazırda davamlı inkişafa ilə diqqətdədir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov vurğulayıb ki, 2003-cü ildən Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə təqdir edilir: “Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması da bunun bariz nümunəsidir. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə yol açır. Son 21 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması hədəfi yeni əməkdaşlıq formatlarının yaradılmasını zərurətə çevirdi. Dünya İqtisadi Forumunun 55-ci toplantısı bütün bu məqamlara işıq saldı”.
Millət vəkili qeyd edib ki, Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən, dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir: “Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkanlar yaradır. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsini, daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləyir. Forum çərçivəsində cənab İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat, enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin, ictimaiyyətinin diqqətinə çatdırdı. Təbii ki, son dörd ildə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bu ərazilərin malik olduğu iqtisadi imkanlar, gələcəkdə onlardan səmərəli istifadə nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafına veriləcək töhfələr də diqqət yönəldilən məsələlər sırasında oldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi artan rolu əsaslı şəkildə qeyd edildi”.
Malik Həsənov bu mühüm məqamı xüsusi vurğulayıb ki, Azərbaycan hər zaman Dünya İqtisadi Forumunun keçirilən toplantılarında diqqət mərkəzində olur: “Təbii ki, buna əsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzası qədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində birgə səylərə çağırışlar edərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və sair kimi mühüm amillərdir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 55-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəli oldu. Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında bir çox ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərində ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan iqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırıldı. Dünya İqtisadi Forumu bir daha Azərbaycanın hazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi. Prezident İlham Əliyevə göstərilən böyük etimad, hər bir məsələdə mövqeyinə verilən önəm səsləndirilən fikirlərdə özünün aydın ifadəsini tapdı”.
Millət vəkili bildirib ki, hər bir toplantı Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrində yeni səhifənin başlanğıcıdır: “Prezident İlham Əliyevin hər il Forumun toplantıları çərçivəsində keçirilən görüşlərdə əminliklə səsləndirdiyi fikir bu olur ki, gələcək daha uğurlu olacaq. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan 2013-cü ildə Dünya İqtisadi Forumuna ev sahibliyi etməklə iqtisadi mərkəz kimi nüfuzunu artırdı. Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Forumun dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçıları, ekspertləri, dövlət və hökumət nümayəndələrini bir araya gətirməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev həmin Forumdakı çıxışında bu çağırışı səsləndirmişdir ki, Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan gələcəyi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün uğurlu gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görür. Əminik ki, region daha sabit, proqnozlaşdırılan və çiçəklənən olacaq.
Bu gün bu hədəflər reallığa çevrilib. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bu reallıqlar regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsini şərtləndirir. Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir. 55-ci Dünya İqtisadi Forumu Azərbaycanın yaratdığı yeni reallıqları bir daha dünyaya çatdırdı”
.