Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq

“Azərbaycanın enerji sektorunda qazandığı uğurların, onlara yol açan birgə səylərin və əməkdaşlığın təqdimatında əhəmiyyətli rol oynayan tədbirlərdən biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısıdır. Son illərdə yaşıl enerjiyə keçidin prioritet olduğunu nəzərə alsaq artıq bu il sayca üçüncü Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasını xüsusi qeyd etməliyik. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Builki Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 11-ci  toplantısına  Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi. Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirildi. Göründüyü kimi, hər iki mühüm tədbir Azərbaycanın enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirdi. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev sözügedən toplantılarda Azərbaycanın enerji siyasətinin uğurlarını əsaslı şəkildə diqqətə çatdırdı: “Bu günümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən səsləndirdiyi bu çağırışın təsdiqidir. Ulu Öndər bildirmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər, ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanmasına, ondan sonrakı dövrün xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı. 2014-cü ildə isə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildən etibarən Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı  enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynadı. Həmçinin komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir”.

Malik Həsənov qeyd edib ki, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir. Əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd isə ölkələrin özlərinin, qonşularının və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmələridir: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları komandadır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir”.

Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli və  əvəzolunmaz layihədir: “Bu layihədə  həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında onu da vurğuladı ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur.  Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Qaz təchizatımızın coğrafiyası genişlənir. 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan qazının  alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür”.

Malik Həsənov vurğulayıb ki, Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas oyunçulardan birinə çevrilib: “Prezident Əliyevin vurğuladığı kimi, bu layihə təkcə nəqliyyat marşrutu yaratmaqla məhdudlaşmır, eyni zamanda, enerji mənbələrinin diversifikasiyasını təmin edərək Avropanın enerji təchizatında yeni səhifə açır.

Son illərdə Azərbaycanın bu sahədə qazandığı uğurlar və atdığı strateji addımlar layihənin dayanıqlılığını daha da möhkəmləndirib. Dövlətimizin başçısı  Cənub Qaz Dəhlizini “uğur hekayəsi” adlandıraraq, bu layihənin enerji təhlükəsizliyi və əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayır. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Cənab İlham Əliyev bir neçə ildən sonra digər neft-qaz yataqlarının da istismarına başlanılacağını bildirdi. O da qeyd edildi ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq.  Bu, COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman bildirildi ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır”.

Millət vəkili qeyd olunanlar əsasında belə bir ümumiləşdirməni aparıb ki, Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir.