Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı: regional sabitlik və qlobal əhəmiyyətə doğru - ŞƏRH

Azərbaycan həm qlobal, regional, həm də regionlar arası əməkdaşlıq və beynəlxalq münasibətlərin faydalı şəkildə qurulması sahəsində yeni uğurlara imza atmağa davam edir. Regional əməkdaşlıq və tərəfdaşlıqda Gürcüstan ilə qurulan münasibətlər bu baxımdan xüsusilə faydalıdır.

Cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən birgə bəyanat, dövlətlərimiz arasında strateji xarakter daşıyan münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu səfər, dəyişən regional və qlobal geosiyasi kontekstdə, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və təhlükəsizlik meyarlarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırkı mərhələdə Azərbaycan-Gürcüstan münasibətləri yalnız regional siyasi maraqlar çərçivəsində deyil, həm də Avrasiya məkanında formalaşan yeni geoiqtisadi düzən fonunda daha geniş strateji çərçivədə təhlil olunmaqdadır. Məhz bu kontekstdə dövlət başçımızın bəyanatı, regional inteqrasiya və çoxtərəfli əməkdaşlıq üçün yol xəritəsi kimi dəyərləndirilməlidir.

Cənab Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə dayanır və bu gün dövlətlərimiz arasında bütün sahələri əhatə edən sıx və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Əsrlər boyu sülh və mehribanlıq şəraitində yaşamış xalqlarımız bu münasibətləri dövlətlərarası səviyyəyə daşımağı bacarıblar. Siyasi dialoqun fəallığı, yüksək səviyyəli təmasların müntəzəmliyi və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ölkələrimizin bir-birinə olan bağlılığını daha da möhkəmləndirir.

Dövlət başçısı çıxışında enerji, nəqliyyat və kommunikasiya sahələrində reallaşdırılan birgə layihələrdən də söz açdı. Belə ki, xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi – təkcə ölkələrimiz üçün deyil, eyni zamanda daha geniş coğrafiya– Avrasiya regionu üçün də həyati əhəmiyyət daşıyır. Bu layihələr regionun nəqliyyat və enerji xəritəsini yenidən formalaşdıraraq, Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır.

Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar edilməsinin Azərbaycan və Gürcüstanın ortaq məqsədi olduğunu vurğuladı. Tarixən münaqişə və müharibələrlə üzləşmiş bu regionun gələcəyi üçün iki dövlət öz əməkdaşlıqlarını dərinləşdirir və bu istiqamətdə konstruktiv addımlar atır. Dövlət başçıları səviyyəsində aparılan danışıqlar və verilən bəyanatlar göstərir ki, tərəflər Cənubi Qafqazda uzunmüddətli sülhün qurulmasında maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və hər iki ölkə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir. Siyasi, iqtisadi, hərbi, enerji, ticarət, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş nailiyyətlər bu tərəfdaşlığın geniş və möhkəm əsaslar üzərində qurulduğunu sübut edir.

İki ölkə arasında fəaliyyət göstərən siyasi məsləhətləşmə mexanizmləri, birgə hökumətlərarası komissiyalar bu əməkdaşlığı daha da gücləndirir. Gürcüstan və Azərbaycan beynəlxalq platformalarda da bir-birinə dəstək verir və regional məsələlərdə ortaq mövqe nümayiş etdirirlər.

Dövlət başçısı çıxışında Azərbaycan və Gürcüstan arasındakı uzun illərdir ki, qarşılıqlı etimada, mehriban qonşuluğa və regional sabitliyə əsaslanaraq inkişaf edən yüksək səviyyəli siyasi münasibətlərdən də bəhs etdi. Bu münasibətlərin əsas sütunlarından biri dövlət başçıları, hökumət rəhbərləri və digər yüksək səviyyəli nümayəndələrin həyata keçirdiyi qarşılıqlı səfərlərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev indiyədək Gürcüstana 11 dəfə səfər etmişdir. Bunlardan biri dövlət, biri rəsmi və doqquzu işgüzar səfər olmuşdur. Sonuncu rəsmi səfər 5-6 noyabr 2015-ci ildə, son işgüzar səfər isə 8 oktyabr 2023-cü ildə baş tutmuşdur. Bu səfərlər zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Prezident İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat, yalnız iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin cari vəziyyətini əks etdirməklə kifayətlənmir, eyni zamanda bu münasibətlərin regional və beynəlxalq miqyasda hansı istiqamətdə inkişaf edəcəyinə dair aydın strateji konturlar müəyyənləşdirir. Bu bəyanat, Azərbaycan-Gürcüstan əməkdaşlığının enerji və nəqliyyat sahələrindən kənara çıxaraq, regional sabitliyin və təhlükəsizliyin təminatında mühüm aktora çevrildiyini təsdiqləyir.

Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında Bakı və Tbilisinin rolu getdikcə artmaqdadır. Məhz bu kontekstdə liderlər səviyyəsində ifadə olunan siyasi iradə, gələcəkdə də bu strateji tərəfdaşlığın davamlı olacağına, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin daha da dərinləşəcəyinə və regionda sabit, praqmatik və inteqrasiyaedici gündəliyin formalaşmasına xidmət edəcəyinə dair güclü siqnaldır.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini