"İtaliya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyən ölkədir. Azərbaycan-İtaliya münasibətləri kifayət qədər yüksək templə inkişaf edir və strateji xarakter daşıyır".
Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib:
"Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamikası göstərir ki, İtaliya Avropa İttifaqında Azərbaycanın bir nömrəli iqtisadi tərəfdaşıdır. Ticarət dövriyyəsində müsbət saldo 96% göstərici ilə Azərbaycana məxsusdur. İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında iştirak edirlər".
O, bildirib ki, Azərbaycan İtaliyanın neft və təbii qazla təminatında mühüm rol oynayır, həmçinin diversifikasiya yolu ilə Avropa İttifaqının enerji təhlükəsizliyinə də öz töhfəsini verir: "Azərbaycanın SOCAR şirkəti və Neft Fondu İtaliyada daşınmaz əmlak bazarına, istehsal və xidmət sahələrinə investisiya yatırır”.
Deputat qeyd edib ki, mədəni əlaqələrimizin səviyyəsi də günü-gündən genişlənir: “Bakı şəhərində və Qarabağda tarixi abidələrin, mədəni irsimizin bərpasında italyan mütəxəssislər yaxından iştirak edirlər. Azərbaycanlı tələbələr İtaliya universitetlərində təhsil alırlar. Sabah Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı da baş tutacaqdır".