Azərbaycan-Litva münasibətləri strateji əhəmiyyətə malikdir

Azərbaycan-Litva münasibətləri hər iki ölkə üçün mühüm strateji əhəmiyyətə malikdir. Bakı və Vilnüs həm ikitərəfli qarşılıqlı əlaqələr, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edir, bir-birilərinin ərazi bütövlüklərinə, suverenliklərinə dəstəklərini ifadə edirlər. 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Azər Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri çərçivəsində imzalanan sənədlərin, həmçinin Litva-Azərbaycan biznes forumunun açılışının qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib. 

Millət vəkili Litvanın Azərbaycanla Avropa İttifaqının münasibətlərinin inkişafına böyük önəm verdiyini və Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi üçün səylər göstərdiyini bildirib: “Azərbaycan Avropa İttifaqının həm Tvininiq, həm də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Litvanın ən yaxın tərəfdaşlarından biridir. Ölkəmizin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşı olması qarşılıqlı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunun göstəricisi kimi dəyərləndirilə bilər.  Litva Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığını hər zaman yüksək qiymətləndirib və bu əməkdaşlığın daha da genişlənməsini təşviq edib”.

Azər Kərimli qeyd edib ki, dünyada baş verən geosiyasi dəyişikliklərin fonunda hər iki ölkənin əsas strateji hədəfləri müstəqil inkişaflarını təmin etmək, beynəlxalq münasibətlər sisteminin daha ədalətli məzmun alması istiqamətində fəaliyyəti təşviq etməkdir:

“Azərbaycan və Litva enerji və nəqliyyat dəhlizlərinn diversifikasiyası, daha təhlükəsiz və etibarlı alternativlərin yaradılması, bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı ortaq baxış bucağına malikdirlər. Hər iki ölkənin yerləşdiyi coğrafi mövqe Cənubi Qafqaz və Baltikyanı bölgəsində, bütövlükdə isə Avrasiyada iqtisadi əlaqələrin intensivləşdirilməsi üçün əlverişli zəmin yaradır. Litva "Orta dəhliz” və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinə böyük önəm verir və hər iki dəhliz arasında sinerjinin yaradılması üçün səylər göstərir. Rəsmi Vilnüsün hədəflərindən biri Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizini Baltik dənizinə qədər inkişaf etdirməkdən, Xəzər, Qara dəniz və Baltik dənizləri arasında dəmir yolu infrastrukturunu inkişaf etdirməklə yeni marşrutun yaradılmasını təmin etməkdən ibarətdir. Məhz bu aspektdən, Azərbaycan və Litvanın nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə bağlı strategiyalarının bir-birinə yaxın olduğunu söyləmək mümkündür və rəsmi Vilnusun nəqliyyat dəhlizləri ilə bağlı öz təcrübəsini Bakı ilə bölüşməyə hazır olduğunu bəyan etməsi, ölkələrimizin bu istiqamətdə də əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin olduğunu söyləməyə əsas verir”.