Azərbaycan-NATO əlaqələrində siyasi dialoq və əməkdaşlıq

Böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və bütün dünyada yüksək imicə sahibdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Azərbaycana qısa zaman məsafəsində inanılmaz nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində böyük maraqla izlənilir. Bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələrin uğurla inkişafı - dünyanın bir çox ölkələri arasında imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanların açılması dövlət başçısının siyasi iradəsinin, uğurlu diplomatiyasının göstəricisidir. Azərbaycanın təşəbbüsləri ilə reallaşan beynəlxalq layihələr, keçirilən görüşlər və s. ölkəmizin nüfuzunun və etimadının yüksəldiyinin əyani təzahürüdür.        
Dünya ölkələri, ittifaq və təşkilatlarla yanaşı, Azərbaycan NATO ilə də münasibətləri qarşılıqlı etimad əsasında davam etdirir. Bu günlərdə NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri bu əlaqələri dinamik və yüksələn xətlə inkişafına söykənir. Azərbaycan ilə NATO arasında münasibətlərin mövcudluğuna nəzər nəzər salsaq görərik ki, Azərbaycan-NATO arasında ilk təmaslar bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Tərəfdaşlığın əsası isə ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması ilə qoyulub və NATO-Azərbaycan əlaqələrinin inkişafına yeni imkanlar yaradıb. 1996-cı il aprelin 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Ölkəmiz 1997-ci ilin iyulunda NATO-nun Avro-Atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Heydər Əliyev siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə NATO ilə əməkdaşığın yeni mərhələsi başlanılıb.        
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış zamanı dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Azərbaycan Kosovoda KFOR qüvvələrinə dəstək verib, Əfqanıstanda NATO-nun missiyasına uzun illər töhfə verib. Məhz Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri də Azərbaycan hərbçiləri olub. "Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub," – deyən Prezident qeyd edib. Bu əməkdaşlığımıza olan sadiqliyin bariz nümunəsidir. Dövlət başçımız onu da vurğulayıb ki, "Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk".
Azərbaycan öz gücünə 30 ilə yaxın müddətdə davam edən erməni işğalına, erməni separatizminə son qoymuş, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkədir. "Uzun illər davam edən müzakirələrimiz zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq", - deyən Cənab Prezident diqqətə çatdırıb ki, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır: "Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib".
Bu gün Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Məlum beş prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında davamlı sülhə nail olmaq imkanı yaranıb. "Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq" – deyə Prezident bildirib. Azərbaycanın ərazi bütövlüyünün bərpası yeni reallıqlar yaratmış oldu.
Baş katibin səfəri çərçivəsidə enerji təhlükəsizliyi məsələsi də müzakirə olunub və Brüsseldəki son görüşdən sonra qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin bizim tərəfdaşımız olduğunu dövlət başçımız bəyanatla çıxışında diqqətə çatdırıb. Azərbaycanın 8 ölkəyə qaz nəql etdiyini və onların 6-sının NATO-ya üzv, digər ikisinin isə NATO-nun tərəfdaş ölkəsi olduğunu bildirən Cənab Prezident əminliklə qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayının artacağını ifadə edib.
Bəyanatla çıxışında dövlət başçımız Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçildiyini və bunun yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisi kimi ləyərləndirib. Bildiyimiz kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.    
Son dövrün hadisələri bir daha təsdiqləyir ki, ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. İnkişafımız və gələcək hədəflərə çatmağımız baxımından, eləcə də ölkəmizin milli maraq və mənafeləri naminə görülən işlər ölkəmizə yeni imkanlar açır. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa, inkişafa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini bir daha sərgiləyir.

 

Mehdi MEHDİYEV, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri