Qədim İpək Yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu nöqteyi-nəzərdən, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla dünyanın fövqəldövləti kimi tanınan Çinin əməkdaşlığı yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm faktordur.
Ölkələrimiz arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub və sonrakı illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Çin münasibətlərinin inkişafı daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Prezident İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.
2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
Prezident İlham Əliyev 2023-cü ildə Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
Dövlətimizin başçısının bu il aprelin 22-də Çinə dövlət səfəri dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə qeyd edib: “Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.
Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb.
Ölkələrarası ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.
Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə qoşulması, bu əlaqələri daha da gücləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir.
Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir. Belə ki, 1995-ci ildə aprelin 12-21-də Pekində keçirilən Səttar Bəhlulzadənin əsərlərinin sərgisi, iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcını qoyub. Həmçinin 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri ilə Sumqayıt şəhəri qardaşlaşıb.
2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Eyni zamanda, 2012-ci il dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən iki Konfutsi İnstitutu və Çin dilinə olan artan maraq, iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə xidmət edir.
Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.
Elnarə Həziyeva