Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin güclənməsinin bariz nümunəsidir. Həmçinin Qərbin ölkəmizə olan marağının daha da artması ikitərəfli əlaqələrin daha da dərinləşməsini şərtləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Ötən bir il ərzində Azərbaycan və Litva prezidentlərinin üç dəfə görüşdüklərini xatırladan deputat əlavə edib ki, ölkə başçıları 2022-ci ilin may ayında Bakıda, 2023-cü ilin yanvar ayında isə Davosda görüşmüşdülər. Keçirilən hər bir görüş iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün vacibdir.
İltizam Yusifov qeyd edib ki, Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalanıb. Keçirilən biznes forumdakı çıxışlar ölkəmizin iqtisadi potensialının yüksək olduğunu və xarici investorlar üçün əlverişli mühitin mövcudluğunu təsdiqləyib. Budəfəki biznes forum iqtisadi əlaqələrimizin dərinləşməsinə böyük stimul yaradacaq. Statistikaya görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə Litvanın 20 kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycandan isə Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Əməkdaşlığın dərinləşməsi üçün güclü potensial var. Yaxın illərdə ticarət dövriyyəsinin bir neçə dəfə artması proqnozlaşdırılır. Xüsusilə də, enerji sahəsində yeni əməkdaşlığın formalaşacağını gözləmək olar. Həm Azərbaycan, həm də Litva yerləşdikləri regionlarda strateji üstünlüklərə malikdirlər. Bərpaolunan enerji, logistika potensialı əməkdaşlıq imkanlarını daha da artırır. Xəzər və Baltik dənizləri günəş və külək enerjilərindən istifadə üçün gözəl fürsətlər yaradır. Azərbaycanın bu istiqamətdə hazırladığı proqramlar Avropa İttifaqı və Avropa Komissiyası tərəfindən dəstəklənir. Qarşılıqlı maraqlar üzərində qurulan ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Litva-Azərbaycan hökumətlərarası komissiyası əməkdaşlıq üçün yeni proqramlar hazırlayacaq.
Bu iki ölkəni təkcə iqtisadi əlaqələrin bağlamadığını vurğulayan deputat deyib: “Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Keçmiş SSRİ-nin üzvü olan Litva Avropa İttifaqı ilə yanaşı, NATO-nun da üzvüdür. Bu mənada Litva ilə əlaqələr Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir göstərəcək. Vilnüsdə keçirilən brifinqdə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Litva Azərbaycanla Avropa Komissiyası arasında əlaqələrin güclənməsinə töhfələr verir. Düşünürəm ki, Azərbaycan Prezidentinin Litvaya səfəri ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələri daha da gücləndirəcək və hər iki ölkə qarşılıqlı şəkildə bu əməkdaşlıqdan faydalanacaq”.